Şimali Karolinada azərbaycanlı rəssamın sərgisi açılıb
ABŞ-ın Şimali Karolina ştatının Çapel Hill şəhərindəki Əziz Sancar adına Türk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Lalə Bağırzadənin sərgisi açılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şimali Karolina ştatında yaşayan soydaşımızın “Unikal, lakin eyni” adlı sərgisində bənzərsiz xasiyyətə malik qadınlar əks olunub.
İyulun 29-dan açılan sərgi avqustun 31-dək davam edəcək.
Qeyd edək ki, Lalə Bağırzadə Azərbaycanda anadan olub. Təbiətə marağı onu rəssamlığa sövq edib. ABŞ-a köçdükdən sonra kənd təsərrüfatı üzrə fəlsəfə doktoru dərəcəsini alıb. Bununla yanaşı, rəssamlıq arzusundan da vaz keçməyib. 2020-ci ildə Şimali Karolinanın Akvarelistlər Cəmiyyətinin (Watercolor Society of North Carolina) “Biz hamımız birlikdə zəncirlənmişik” adlı sərgisındə birinci mükafatı qazanıb. Hazırda soydaşımız həmin cəmiyyətin sərgi direktoru kimi fəaliyyət göstərir.