
31 Mart-Azərbaycan xalqının tarixi yaddaş günü
Bu gün 31 Mart soyqrımının qurbanlarının xatirəsi ehtiramla yad edilir, onların yaşadığı ağrı və itkilər unudulmamaq üçün gələcək nəsillərə ötürülür
Azərbaycan tarixində ən faciəli səhifələrdən biri olan 31 Mart hadisələri xalqın kollektiv yaddaşında dərin iz buraxmışdır. 1918-ci il Mart hadisələri zamanı azərbaycanlı əhaliyə qarşı həyata keçirilən zorakılıqlar öz miqyasına və qəddarlığına görə XX əsrin ən ağır humanitar faciələrindən biri kimi qiymətləndirilir. 1918-ci ilin əvvəllərində Cənubi Qafqaz regionu mürəkkəb siyasi vəziyyətlə üz-üzə idi. Oktyabr inqilabı sonrası yaranmış hakimiyyət boşluğu müxtəlif qüvvələrin qarşıdurmasına səbəb olmuşdu. Bakı şəhərində hakimiyyət Bakı Soveti tərəfindən idarə olunurdu və bu qurumun hərbi dayağını əsasən bolşevik və daşnak silahlı dəstələri təşkil edirdi.
1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Hadisələrin ən ağır tərəfi ondan ibarət idi ki, qırğınlar əsasən silahsız və müdafiəsiz insanlara qarşı yönəlmişdi. Qadınlar, uşaqlar və yaşlılar xüsusi qəddarlıqla öldürülmüş, insanlar işgəncələrə məruz qalmışdır. Evlər talan edilmiş, kəndlər yandırılmış, dini və mədəni abidələr məhv edilmişdir. Şahid ifadələri və sonrakı araşdırmalar göstərir ki, insanlara qarşı qeyri-insani rəftar halları geniş yayılmışdı. Bu isə hadisələrin təsadüfi deyil, planlı və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir. Bu qırğınlar nəticəsində regionun demoqrafik xəritəsi ciddi şəkildə dəyişdi. Minlərlə ailə parçalandı, yaşayış məntəqələri boşaldı. Əhali arasında qorxu və qeyri-sabitlik uzun illər davam etdi. İnsanların doğma torpaqlarından zorla çıxarılması bölgədə sosial və iqtisadi həyatın dağılmasına səbəb oldu. Qırğınların miqyası müxtəlif tarixi sənədlər, arxiv materialları və arxeoloji tapıntılarla təsdiqlənir. Xüsusilə Quba kütləvi məzarlığı bu hadisələrin real sübutlarından biri kimi böyük əhəmiyyət daşıyır. Burada aşkar edilən insan qalıqları həmin dövrdə törədilmiş zorakılıqları əyani şəkildə nümayiş etdirir.
Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Bu qanlı hadisələr təkcə bir xalqın deyil, bütövlükdə regionun çoxmillətli əhalisinin üzləşdiyi böyük humanitar fəlakət kimi yadda qalmışdır. Həmin dövrdə dinc əhaliyə qarşı həyata keçirilən zorakılıqlar misilsiz qəddarlıqla müşayiət olunmuşdur. Silahsız insanlar – uşaqlar, qadınlar və qocalar heç bir fərq qoyulmadan amansızcasına qətlə yetirilmişdir. İnsanlar yalnız etnik və dini mənsubiyyətlərinə görə hədəf alınmış, yaşayış yerləri mühasirəyə alınaraq yandırılmış, ailələr bütövlükdə məhv edilmişdir. Bu hadisələr insanlıq əleyhinə törədilmiş ağır cinayətlər kimi tarixə həkk olunmuşdur.
Faciənin ən ağrılı tərəflərindən biri onun yalnız azərbaycanlılara qarşı yönəlməməsi idi. Qırğınlar zamanı minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da eyni qəddarlıqla öldürülmüşdür. Bu fakt göstərir ki, baş verənlər sadəcə etnik qarşıdurma deyil, ümumilikdə dinc əhaliyə qarşı yönəlmiş genişmiqyaslı zorakılıq aktı olmuşdur.
Şahidlərin ifadələrinə və tarixi mənbələrə görə, insanlara qarşı son dərəcə qeyri-insani üsullarla işgəncələr verilmişdir. Bəzi hallarda insanlar diri-diri yandırılmış, kütləvi şəkildə qılıncdan və süngüdən keçirilmişdir. Bu cür vəhşiliklər cəmiyyətin mənəvi dəyərlərinə vurulan ağır zərbə idi və uzun illər insanların yaddaşında qorxu və ağrı ilə yaşamışdır. Bununla yanaşı, maddi və mədəni irs də ciddi şəkildə məhv edilmişdir. Tarixi əhəmiyyətə malik binalar, milli memarlıq inciləri, məktəblər və xəstəxanalar dağıdılmış, Bakı və digər bölgələrdə yerləşən məscidlər və mədəni abidələr yandırılmış və ya yerlə-yeksan edilmişdir. Bu, təkcə insanların fiziki məhvi deyil, həm də onların tarixinin, kimliyinin və mədəniyyətinin silinməsinə yönəlmiş bir siyasət idi. Prezident İlham Əliyev 29 mart 2005 il-ci ildə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciətində bu hadisələrin tarixi köklərinə toxunmuşdur: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir”. Bu qanlı faciə Azərbaycan xalqının yaddaşında yalnız bir tarixi hadisə kimi deyil, həm də milli yaddaşın, kimliyin və birliyin formalaşmasında mühüm rol oynayan acı bir dərs kimi qalır. Bu gün həmin hadisələrin qurbanlarının xatirəsi ehtiramla yad edilir, onların yaşadığı ağrı və itkilər unudulmamaq üçün gələcək nəsillərə ötürülür. Tarixin bu qaranlıq səhifəsinin öyrənilməsi və dünyaya çatdırılması, insanlığa qarşı törədilmiş bu cür cinayətlərin bir daha təkrarlanmaması üçün böyük əhəmiyyət daşıyır.
Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə törədilmiş kütləvi qırğınların obyektiv şəkildə qiymətləndirilməsi və tarixi həqiqətlərin üzə çıxarılması müstəqillik dövründə dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Bu baxımdan Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman xüsusi əhəmiyyət kəsb edir. 1998-ci il martın 26-da imzalanan bu Fərman Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı hadisələrinə ilk dəfə olaraq dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi baxımından tarixi sənəd hesab olunur. Fərmanın əsas məqsədi yalnız 1918-ci il Mart hadisələri deyil, ümumilikdə müxtəlif dövrlərdə azərbaycanlılara qarşı həyata keçirilmiş zorakılıq və qırğınların sistemli şəkildə araşdırılması, onların beynəlxalq ictimaiyyətə çatdırılması və qurbanların xatirəsinin əbədiləşdirilməsi idi. Bu sənəd, eyni zamanda, Azərbaycan dövlətinin öz tarixinə, xalqının taleyinə və ədalətin bərpasına verdiyi önəmin bariz nümunəsidir. Bu gün də həmin Fərmanın ruhuna uyğun olaraq, 31 Mart faciəsinin qurbanları ehtiramla yad edilir, tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində işlər davam etdirilir. Bu gün 31 Mart Azərbaycan xalqı üçün həm matəm, həm də yaddaş günüdür. Bu faciənin unudulmaması, tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın borcudur.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu


