
Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında ana müxalifət partiyası kimi yaranan və demokratik prinsiplərə söykənməklə az keçmədən hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası 30 ildir dövlətimizə, xalqımıza, ən yeni dövrdə şanlı dövlətçilik tariximizin yazılmasına ləyaqətlə xidmət edir. Sosial sifariş olaraq meydana atılan Yeni Azərbaycan Partiyası ölkəmizdə qurtuluş və tərəqqinin simvolu kimi qəbul edilməklə bərabər, həm də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin siyasi istinad mənbəyidir.
Azərbaycan özünün dövlət müstəqilliyinə nail olduqdan sonra qarşısında suveren dövlət kimi formalaşmaq vəzifəsi dayanırdı. Amma bu vəzifə 90-cı illərin əvvəllərində yerinə yetirilmək şansından məhrum olmaq dərəcəsinə gəlib çatmışdı. Bir yandan Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları, işğalçılıq siyasəti Azərbaycanın müstəqil ölkə kimi dövlət quruculuğu işlərinə vaxt ayırmasına ciddi əngəllər yaradırdı. Digər tərəfdən isə, Azərbaycan suveren ölkə oludqdan sonra həm müstəqil dövlət quruculuğu ilə məşğul olmağa çalışan, həm də bu istəyi həyata keçirmək imkanlarına və təcrübəsinə yiyələnmiş rəhbərlərə malik deyildi. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə erməni təcavüzünün qarşısını almaq, müstəqil dövlət quruculuğu prosesinə rəhbərlik etmək kimi məsuliyyətli vəzifənin öhdəsindən gələ biləcək siyasi liderlər və rəhbərlər təmsil olunmurdular. Belə bir çətin məqamda Azərbaycan vətəndaşları ölkəmizi düçar olduğu vəziyyətdən xilas etməyin yollarını düşünürdülər. O zaman Azərbaycan cəmiyyətinin hər bir nümayəndəsi respublikamızın xilası barədə düşünərək öz fikirlərini Heydər Əliyev şəxsiyyəti üzərində cəmləyirdi. Azərbaycan vətəndaşları birmənalı şəkildə Heydər Əliyevə respublikamızı düçar olduğu vəziyyətdən çıxara biləcək yeganə lider kimi baxırdılar. Belə bir ictimai münasibətin yaranması təsadüfi deyildi. Çünki Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həm birinci hakimiyyəti dövründə, həm azərbaycanlı kimi SSRİ-nin hakimiyyətinin yüksək dövlət vəzifələrinin birində təmsil olunan zamanlarda ölkədə böyük nüfuza malik idi. İnsanlar Heydər Əliyevin həm də şəxsiyyətinə böyük hörmət bəsləyirdilər, həm onun dövlət xadimi kimi təcrübəsinə və səriştəsinə ehtiram və etimad göstərirdilər. Ona görə müstəqilliyimizin ilk illərindən başlayaraq Azərbaycan vətəndaşlarının ölkəni ağır vəziyyətdən, siyasi böhrandan çıxarılmasının başlıca yolunu Heydər Əliyevin hakimiyyətə qayıtmasında görməsi tamamilə qanunauyğun idi, insanlar Heydər Əliyevin Azərbaycanın böhrandan çıxarmağa qadir yeganə rəhbər olduğunu gözəl bilirdilər.
YAP-ın yaranması Azərbaycanın təhlükəli böhrandan qurtulması istəyi ilə bilavasitə əlaqədar idi. Beləliklə, YAP Azərbaycanı müstəqilliyinin başının üstünü almış təhlükələrdən xilas etmək arzusu, Azərbaycan vətəndaşlarını narahat edən sabaha inamsız baxışlardan qurtulmaq məqsədilə yarandı. YAP Azərbaycanı müstəqil, azad bir dövlət kimi qurmaq, formalaşdırmaq istəyi ilə meydana çıxdı. Əgər biz bu gün müstəqil, qüdrətli, güclü, dünyada özünə layiqli yer tuta bilmiş bir Azərbaycan dövləti haqqında danışır və bununla qürur duyuruqsa, birmənalı şəkildə hər bir vətəndaş bütün bu proseslərin kökündə Heydər Əliyev şəxsiyyəti və bu şəxsiyyətin ətrafında formalaşan, birləşən YAP amilini göz önünə gətirir. YAP-ın tarixi qələbələr, nailiyyətlər, zəfərlər tarixidir. YAP-ın tarixi Azərbaycanın etibarlı müstəqillik, möhkəm dövlətçilik və davamlı inkişaf tarixidir.YAP-ın tarixi elə Azərbaycanın tarixidir, salnaməsidir.
Bu gün əldə edilən bütün uğurların, qazanılan bütün nailiyyətin həmmüəllifi həm də hakimiyyətin siyasi istinadgahı olan YAP-dır.
YAP yaranmasından 6 ay sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanın müstəqilliyinin başının üstünü almış bütün təhlükələri çox qısa zamanda yox etməsi kimi şərəfli bir tarixə sahibdir. YAP Azərbaycan iqtisadiyyatının Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya sayəsində inkişaf etməsi kimi əzəmətli bir tarix yazıb. YAP Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında müstəqil Azərbaycan dövlətinin qurulması, Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin, əbədiliyinin və sarsılmazlığının təsdiq olunması ilə müşayiət edilən şərəfli bir tarixə malikdir. Təbii ki, bütün bunların davamı olaraq Azərbaycanın beynəlxalq əhəmiyyətinin artması, regionun lider dövlətinə, habelə dünyanın enerji təhlükəsizliyində həlledici rol oynayan dövlətə çevrilməsi kimi məqamlar da birmənalı şəkildə qeyd edilməlidir. Azərbaycan dövləti və xalqı üçün YAP bu həqiqətlərin dərk edilməsidir. Bu həqiqətlərin kökündə Heydər Əliyev şəxsiyyəti, onun ideyaları, müəyyənləşdirdiyi siyasət və bu gün ulu öndərin siyasi xəttini uğurla həyata keçirilməsini təmin edən Azərbaycan Prezidenti cənab İlham Əliyev dayanır. YAP dövlətimiz üçün bu həqiqətlər deməkdir. Bu fakt göstərir ki, xalqımızın nəzərində, seçimində doğma və əziz partiyamızın alternativi yoxdur.
YAP fəaliyyətə başlayarkən Azərbaycanın müstəqillyi formal idi, separatizm dalğası ölkəmizin bütövlyünü təhdid edirdi, xalqımız ac idi. İndi isə Azərbaycan dövləti və xalqımız bütün tarixinin ən qüdrətli dövrünü yaşayır.
Hakimiyyətimiz fəaliyyətə başlayarkən Qarabağ itirilmişdi. İndi isə biz Zəfər bayramının 2 illiyini qeyd etdik.
Müqayisələri istənilən qədər artırmaq olar, çünki onların sayı yüzlərlə, minlərlədir.
Unutmayaq ki, həqiqət məhz müqayisidə üzə çıxır. Bütün bu müqayisələr isə Ulu Öndər Heydər Əliyevin və müzəffər Zəfər Komandanı İlham Əliyevin fəaliyyətlərinin uğurunu göstərir. Həm də onların rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının nailiyyətləri sayılır.
Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoydu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur.Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın.
Ulu öndərimizin dediyi kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın dünənədir, bu günüdür, sabahıdır. Olduqca ədalətli yanaşmadır.
YAP Azərbaycanın şanlı keçmişinin partiyasıdır.
YAP Azərbaycanın mövcud Zəfər salnaməsinin partiyasıdır.
YAP həm də daha qüdrətli, daha güclü Azərbaycanın partiyasıdır.
Möhtərəm sədrimizin, hörmətli Prezidentimizin partiya üzvləri qarşısında qoyduğu vəzifələr, müəyyənləşdirdiyi prioritetlər yalnız siyasi fəaliyyət kontekstində deyil. Yəni bu hədəflər, istiqamətlər yalnız partiya fəaliyyətimizlə bağlı olmalı deyil, həyatın və idarəçiliyin bütün sahələrini əhatə etməlidir.
30 illiyi tamam olan partiyamız ötən müddət ərzində uğurla inkişaf edib və bütün seçkilərdə həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil.
Hamımız Partiyamızın simasıyıq. Bu, böyük şərəfdir, həm də mühüm məsuliyyətdir.YAP populizmdən, siyasi intriqalardan, avantüralardan uzaq olan, əsl əməl və fəaliyyət partiyasıdır. Bu partiya ölkədə geniş miqyas alan quruculuq prosesinin, inkişafın davamlılığına təminat verən siyasi istinadgahdır. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.
Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Möhtərəm sədrimiz Cənab İlham Əliyevin, sədrimizin birinci müavini hörmətli Mehriban xanım Əliyevanın partiyamızın yüksəlişi, güclənməsi üçün gördükləri işlər, həyata keçirdikləri tədbirlər uğurlu nəticələr verir. Məhz görülən bu işlərin nəticəsində Yeni Azərbaycan Partiyasının dövlətimizin və xalqımızın əsas siyasi gücü olaraq daim mövcud olacağı birmənalıdır.Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birliyi daha da möhkəmləndirib. Möhtərəm Prezidentimizin həyata keçirdiyi mütərəqqi islahatlar isə xalq tərəfindən yüksək qiymətləndirilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq. Çünki görülən işlər və İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial, uzaqgörən siyasət yeganə düzgün siyasətdir.
Nurlan Süleymanov
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatında məsləhətçi


