BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il ötür.

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümummilli Lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi. Onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Təsadüfi deyil ki, Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.

Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Belə ki, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il Noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Ötən 29 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Konstitusiya Məhkəməsi Vətən müharibəsi zamanı ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində fəal iş apardı. Vətən müharibəsi dövründə Konstitusiya Məhkəməsinin Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransına, Avropa Konstitusiya Məhkəmələrinin Konfransına, habelə Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası təşkilatları çərçivəsində dünyanın bütün Konstitusiya məhkəmələrinə ünvanladığı bəyanatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının mütəmadi xarakter aldığı vurğulanıb. Bu təxribatlar nəticəsində Azərbaycanın Qarabağdan uzaqdakı şəhərlərinin ağır artilleriya atəşinə məruz qalması həm hərbi, həm də mülki əhali arasında itkilərə səbəb olduğu qeyd edilib. Bəyanatda, həmçinin diqqətə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu açıq şəkildə təsdiq edilir.

Azərbaycan məhkəmə-hüquq tarixində ən mühüm hadisələrdən biri də 2022-ci il iyulun 14-də baş verdi. Həmin gün Konstitusiya Məhkəməsinin hakimləri və məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Məhkəmənin Plenumunda baxılmış üç iş üzrə qərarları Şuşa şəhərində elan edib.

Dövlətimizin 44 günlük Vətən müharibəsində inamlı Qələbə qazanmasına baxmayaraq, Ermənistan tərəfindən hərbi təxribatlar müharibədən sonrakı dövrdə də davam etdirilib. 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirləri başlanılıb. 24 saatdan az bir müddətdə başa çatan və Azərbaycan Silahlı Qüvvələrinin yüksək məharət və peşəkarlıqla həyata keçirdiyi bu tədbirlər nəticəsində qarşıya qoyulan strateji hədəflərə uğurla nail olundu - düşmənin hərbi təyinatlı vasitələri zərərsizləşdirildi. Sentyabrın 19-20-də Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və ölkəmizin dövlət suverenliyi tam bərpa edildi. Lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa olundu, Konstitusiyada təsbit edilmiş hüquqların tam şəkildə bərpası üçün real zəmin yarandı.

2023-cü il oktyabrın 15-də dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü günündə xalqımız növbəti tarixi, sevincli və qürurverici gününü yaşadı. Prezident İlham Əliyev Sərsəng su anbarının ərazisində, Ağdərə, Xankəndi, Xocalı şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidəki çıxışında qeyd edib: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

Konstitusiyamız etnik, dini, dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Əsas Qanunun bu müddəasını rəhbər tutmaqla, dövlətimiz ölkə ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə hər zaman bərabər yanaşma tətbiq edir.

Bəhram ŞİRİYEV, Əməkdar müəllim

 

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər