
"Kiçik ada dövlətləri, iqlim dəyişikliyinin ən ciddi təsirlərinə məruz qalan ərazilərdəndir"
Bu gün Azərbaycan dünyada kiçik ada dövlətlərinin eşidilən bir səsidir. Çünki, Azərbaycan sədrlik etdiyi bir çox beynəlxalq təşkilatlarda o cümlədən, Qoşulmama hərəkatı çərçivəsində məhz bu dövlətlərə öz dəstəyini göstərib və bu gündə dəstəyini göstərməkdədir. Bu mənada noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti onların müdafiə edilməsi, haqq səslərinin eşidilməsi üçün unikal platformadır. Bakı Sammiti dəstəyə, yardıma ehtiyacı olan dövlətlərin, toplumların ümid, pənah yeridir. Cənab Prezident İlham Əliyev Sammitdə çıxış edərək, Azərbaycanın kiçik ada dövlətləri ilə yüksələn xətlə inkişaf edən münasibətlərinə, ölkəmizin həmin ölkələrə göstərdiyi dəstəyə və iqlim dəyişmələrindən ciddi ziyan çəkən ölkələr olduqlarına xüsusi diqqət çəkib.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, kiçik ada dövlətləri, iqlim dəyişikliyinin ən ciddi təsirlərinə məruz qalan ərazilərdəndir. Bu ölkələr qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və gölənilməz hava şəraiti kimi həyati əhəmiyyət daşıyan təhlükələrlə üzləşir. Prezident İlham Əliyev çıxışında inkişaf etmiş bütün ölkələrə, o cümlədən müstəmləkə keçmişi olan inkişaf etmiş ölkələrə müraciət edərək, inkişaf etməkdə olan ada dövlətlərinin qlobal arenada səsinin eşidilməsinin və onlara maddi və texniki dəstək göstərilməsinin vacibliyini vurğulayıb.
Həmçinin, cənab Prezident çıxışında Azərbaycanın inkişaf etməkdə olan ada dövlətlərinə hər zaman göstərdiyi dəstəyi diqqətə çatdıraraq deyib: “Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”.
Ölkə Başçısının Sammit çərçivəsində çıxışdan toxunduğu vacib məsələlərdən biri də Fransa Polineziyasında və Yeni Kaledoniyada dekolonizasiya problemləri oldu. Məlumdur ki, Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Lakin, onların dekolonizasiya prosesi hələ də başa çatdırılmayıb.XXI əsrdə belə bir problemin hələ də mövcud olması iqlim dəyişiklikləri qədər ciddi bir problemdir. Təəssüflər olsun ki, özünü inkişaf etmiş ölkələr adlandıranlar, Avropanı “bağ”, dünyanın qalan hissəsini cəngəllik adlandıranlar bu problemləri həll etmək barədə qətiyən düşünmürlər. Elə isə, imkan versinlər bu ölkəlrin xalqları öz problemlərini özləri həll etsinlər.
Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.
Bütün bunlara baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə kiçik ada dövlətlərinə dəstəyini nümayiş etdirib, indi də COP29-ün sədri kimi həmin dövlətlərə dost əlini uzatmağa davam edəcək, onların haqq səsinin dünyada eşidilməsinə dəstək olacaq.