
Azərbaycan Milli Mətbuatının 150 illiyi: Tarixi miras və müasir inkişafın vəhdəti
Bu gün dövlətçilik tariximizdə milli-mənəvi dəyərlərin formalaşmasında, milli şüurun inkişafında önəmli rol oynayan ilk anadilli mətbuatın yaranmasının 150 illiyini qeyd edirik. 1875-ci ilin 22 iyulunda maarifçi ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız, bu gün müasir və rəqəmsal dövrə uyğun şəkildə inkişafını davam etdirir. Xüsusilə qeyd etmək lazımdır ki, “Əkinçi” ilə başlayan maarifçilik və tərəqqi ideyaları sonrakı dövrlərdə də milli mətbuatımızın inkişafında əsas istiqamətləri müəyyən etmişdir. Belə ki, şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan sonra da Azərbaycan cəmiyyətinin siyasi və ideoloji cəhətdən maariflənməsində milli mətbuatımız mühüm rol oynamışdır. Azərbaycan mətbuatı formalaşdığı müddət ərzində müxtəlif zamanlarda tənəzzül və intibah dövrü keçməsinə baxmayaraq, hər zaman cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynamışdır.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycan mətbuatı bu 150 ildə çətin, lakin şərəfli bir yol keçərək, cəmiyyətin maariflənməsi, milli kimliyin formalaşması, dövlətçilik ideyalarının təbliği və informasiya cəmiyyətinin qurulmasında mühüm rol oynamışdır. Cəmiyyətdə demokratik münasibətlərin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir. Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir.
Azərbaycan mətbuatının müstəqillik dövründə inkişafı bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Dahi rəhbər mətbuatı cəmiyyətin mühüm dayağı, ictimai rəyin formalaşdırıcısı və dövlətin tərəfdaşı kimi qiymətləndirirdi. Onun təşəbbüsü ilə 1998-ci ildə mətbuat üzərində tətbiq olunan senzura ləğv edildi. Bu da Azərbaycan mətbuat tarixində dönüş nöqtəsi oldu. Həmin qərarla jurnalistlərin sərbəst fəaliyyəti üçün hüquqi və ictimai baza yaradılmışdır.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev medianın inkişafına daim yüksək diqqət ayırıb. Milli mətbuatın dinamik inkişafının növbəti mərhələsi kimi Prezident İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir. Eyni zamanda, Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının ən bariz örnəyidir.
Yeni dövrdə milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinin zərurətə çevirildiyini deyən millət vəkili Tamam Cəfərova bildirib ki, hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bundan əlavə, 2024-cü ildə qəbul edilən “Media haqqında” yeni qanun mətbuatın hüquqi bazasını gücləndirmiş, media subyektlərinin qeydiyyatı, jurnalistlərin statusu və peşə hüquqlarını daha aydın şəkildə müəyyən etmişdir.
150 illik inkişaf yoluna nəzər saldıqda görürük ki, Azərbaycan mətbuatı hər zaman dövrün tələblərinə uyğunlaşmağa çalışıb. Bu gün isə jurnalistika rəqəmsal transformasiya, sosial şəbəkələrin təsiri, informasiya müharibələri və süni intellektin yüksəlişi fonunda yeni bir mərhələyə qədəm qoyub. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.
Azərbaycan milli mətbuatı 150 illik yubileyini zəngin tarixi və müasir nailiyyətləri ilə qarşılayır. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğindəki fəaliyyətində bütün mətbuat nümayəndələrini təbrik edir, işlərində uğurlar arzulayıram.