
31 Mart – Tarixi faciə və milli kimlik
31 mart tarixi Azərbaycan xalqının yaddaşında yalnız matəm günü kimi deyil, həm də milli kimliyin formalaşmasında mühüm rol oynayan tarixi dönüş nöqtələrindən biri kimi qalmaqdadır. 1918-ci ilin mart-aprel aylarında baş verən qırğınlar nəticəsində azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı zorakılıqlar törədilmiş, minlərlə insan etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir.
XX əsrin əvvəllərində Cənubi Qafqazda yaranmış hakimiyyət boşluğu, Rusiya imperiyasının süqutu və müxtəlif silahlı qrupların fəallaşması etnik qarşıdurmalar üçün zəmin yaratmışdı. Bu mürəkkəb şəraitdə baş verən mart hadisələri xüsusilə Bakı şəhərində kəskin xarakter almış və qısa müddətdə digər bölgələrə yayılmışdır. Tarixi mənbələrə görə, təkcə Bakı şəhərində bir neçə gün ərzində təxminən 10–12 min azərbaycanlı qətlə yetirilmişdir.
Hadisələrin miqyası bununla məhdudlaşmamışdır. Şamaxı qəzasında 7–8 min nəfərin öldürüldüyü, yüzlərlə kəndin dağıdıldığı qeyd olunur. Quba bölgəsində isə aparılan araşdırmalar nəticəsində aşkarlanan kütləvi məzarlıqlar bu faciənin daha geniş miqyasını ortaya qoymuşdur. Quba qəzasında 16 mindən çox insan həyatını itirmişdir. Ümumilikdə isə müxtəlif tədqiqatlar 1918-ci il hadisələri zamanı 30 mindən 50 minə qədər azərbaycanlının öldürüldüyünü göstərir.
Bununla yanaşı, maddi və mədəni itkilər də olduqca böyük olmuşdur. Yaşayış məntəqələri dağıdılmış, sosial infrastruktur məhv edilmiş, dini və mədəni abidələr ciddi zərər görmüşdür. Şamaxıda 13 məscidin dağıdılması da onu göstərir ki, bu da hadisələrin yalnız insanlara deyil, eyni zamanda mədəni irsə qarşı da yönəlib.
31 mart hadisələrinin uzun illər ərzində obyektiv şəkildə araşdırılmaması və beynəlxalq səviyyədə geniş tanınmaması da diqqət çəkir. Sovet dövründə bu mövzu əsasən ideoloji çərçivədə təqdim edilmiş, hadisələrin real miqyası və səbəbləri geniş ictimaiyyətə çatdırılmamışdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra isə bu hadisələrə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir. 1998-ci ildə qəbul edilən qərarla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi rəsmiləşdirilmişdir. Bu addım tarixi ədalətin bərpası ilə yanaşı, faktların sistemli şəkildə öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
31 mart Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış faciə olmaqla yanaşı, tarixi dərs kimi də mühüm əhəmiyyət daşıyır. Bu hadisələrin unudulmaması, daha dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması həm keçmişə hörmət, həm də gələcəyə məsuliyyətin ifadəsidir.
Əli Səlimov, gənc iqtisadçı



