BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

20 noyabr – Ağdam şəhəri günü işğaldan azad olunmuş Azərbaycan torpaqlarının dirçəlişi, milli qürur və zəfər əzminin təcəssümüdür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik… Heç kimdə bu haqda şübhə olmasın” fikri bu tarixi torpağın taleyinə dair dövlət iradəsinin ən yüksək səviyyədə ifadəsidir. Bu gün Ağdam artıq təkcə dağıntılar yox, həm də quruculuq, yenilənmə və tarixi ədalətin bərpası simvoludur.

“Ağdam” toponimi qədim türk dilindən qaynaqlanaraq “kiçik qala” anlamını verir. Bu ərazi minilliklər boyunca türkdilli tayfaların məskəni olmuş, onların müdafiə məqsədi ilə inşa etdikləri kiçik qalalar bölgənin adlandırılmasında mühüm rol oynamışdır. XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xan burada ağ daşdan saray-imarət tikdirməklə Ağdamı regionun mühüm siyasi və memarlıq mərkəzinə çevirmişdir. Bu imarətin günəş şüaları altında işıqlı görüntüsü şəhərin “Ağ ev, işıqlı məkan” mənasını daha da gücləndirmişdir.

Ağdam yalnız siyasi və təsərrüfat həyatı ilə deyil, həm də arxeoloji zənginliyi ilə seçilir. XX əsrin ortalarından aparılmış qazıntılar Üzərriktəpə və digər ərazilərdə Eneolit dövrünə aid yaşayış məskənlərinin mövcudluğunu üzə çıxarmışdır. Burada tapılan əkinçilik nümunələri, üzüm və taxıl dənələri əhalinin oturaq həyat sürdüyünü, yüksək əkinçilik mədəniyyətinə malik olduğunu təsdiq edir. Qafqazın ilk şəhər tipli məskənlərindən birinin məhz Ağdam ərazisində yerləşməsi bu diyarın qədim sivilizasiya mərkəzlərindən biri olduğunu sübut edir.

1930-cu ildə yaradılmış Ağdam rayonu 1094 kvadrat kilometr əraziyə malik olub Qarabağın mərkəzini təşkil edirdi. Kür–Araz ovalığının qərbində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşməsi rayonu həm strateji, həm də iqtisadi baxımdan mühüm məkana çevirirdi. XX əsrin sonlarınadək Ağdam Azərbaycanın sənaye, kənd təsərrüfatı, mədəniyyət və təhsil mərkəzlərindən biri kimi tanınmış, xüsusən də kənd təsərrüfatı və çörəkçilik sahəsində böyük şöhrət qazanmışdır. Dünyada yeganə Çörək Muzeyinin məhz Ağdamda fəaliyyət göstərməsi bu şəhərin unikal mədəni simasını formalaşdırırdı.

1993-cü il 23 iyul tarixində Ağdamın 73 faizinin işğalı Azərbaycan tarixinin ən faciəli hadisələrindən biridir. 128 min insan öz doğma yurd-yuvasından didərgin düşmüş, ərazidəki 90 kənd talan edilmişdir. 6 mindən çox şəhidin qanı bu torpağa tökülmüş, minlərlə mülki şəxs yaralanmışdır.

İşğal nəticəsində: 38 kolxoz və çoxsaylı sənaye müəssisələri, 74 məktəb, 271 mədəniyyət ocağı, Çörək Muzeyi, yüzlərlə tarixi abidə və məscidlər tamamilə dağıdılmış, talan edilmişdir.

Ermənistan Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozaraq coğrafi adları dəyişdirmiş, mülki obyektləri yandırmış, mədəni irsi məqsədli vandalizmə məruz qoymuşdur. Bu əməllər müharibə cinayətləri olmaqla yanaşı, bölgədə etnik təmizləmə siyasətinin bariz nümunəsidir. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi Ağdam da daxil olmaqla işğal olunmuş bütün ərazilərdən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan uzun illər bu tələblərə məhəl qoymamışdır.

44 günlük Vətən müharibəsində qazanılmış Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il Bəyanatı Ağdamın işğaldan dinc yolla azad edilməsini təmin etdi. 20 noyabr 2020-ci ildə şəhər Azərbaycana təhvil verildi və bununla yüzlərlə hərbçinin və mülki şəxsin həyatının xilas edilməsi mümkün oldu. Ağdamın azadlığı Azərbaycan dövlətinin gücünü, ordumuzun müzəffərliyini və Prezident cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi.

Qələbənin əbədiləşdirilməsi məqsədilə 26 noyabr 2020-ci ildə “Ağdamın azad olunmasına görə” medalı təsis edilmiş, 5.790 hərbi qulluqçu bu medalla təltif olunmuşdur.

Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi böyük dövlətçilik əhəmiyyətinə malik qərardır. Bu çərçivədə 20 noyabr Ağdam şəhəri günü elan olunmuşdur. Bu, təkcə tarixi hadisənin xatırladılması deyil, həm də bölgənin dirçəlişi uğrunda görülən işlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm addımdır.

İşğaldan sonra Ağdam tamamilə yerlə-yeksan edilmiş şəhər təsiri bağışlayırdı. Beynəlxalq ekspertlər və jurnalistlər buranı “Qafqazın Xirosiması” adlandırırdılar. Lakin bu gün həmin xarabalıqların yerində yeni, müasir, ağıllı şəhər konsepsiyasına əsaslanan Ağdam qurulur. Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq tədbirləri bu diyarın əvvəlki şöhrətinə qovuşacağına inamı artırır.

Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli Qərarı ilə təsdiq edilən “Ağdam şəhərinin 2040-cı ilədək Baş Planı” işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında strateji yol xəritəsidir. Bu plan işğaldan azad edilmiş rayonlar içində ilk təsdiq edilən sənəd olmaqla, Ağdamın gələcək inkişaf perspektivlərini müəyyənləşdirir:

Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaq; burada 100 min nəfərin yaşayışı nəzərdə tutulur; müasir yaşayış məhəllələri, sosial infrastruktur, nəqliyyat şəbəkələri, parklar, sənaye və kənd təsərrüfatı zonaları yaradılır; “Böyük Qayıdış” çərçivəsində kəndlərin bərpası, yolların çəkilişi, su, enerji və rabitə xətlərinin yenilənməsi sürətlə davam edir.

Artıq yüzlərlə ailə öz doğma evlərinə qayıtmış, minlərlə insan Ağdamda yeni həyata başlamışdır. 2021-ci ildə Prezident cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafında mühüm rola malikdir. 190 hektar ərazini əhatə edən park: 28 rezident və 4 qeyri-rezident şirkətə malikdir, 260 milyon manatdan çox investisiya cəlb etmişdir, 9 müəssisə fəaliyyət göstərir, 938 nəfər daimi işlə təmin olunmuşdur. Bu park Qarabağın sənaye potensialının inkişafında strateji layihə kimi çıxış edir.

2025-ci ilin may ayında açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgənin nəqliyyat sisteminin əsas qovşağıdır. 8 hektar ərazidə inşa edilmiş kompleks: gündəlik 800–1000 nəfər dəmir yolu sərnişininə, 1300–1500 nəfər avtovağzal sərnişininə xidmət göstərə biləcək texniki imkanlara malikdir. Azərbaycanda ilk qapalı dəmir yolu platformasının məhz Ağdamda inşa edilməsi şəhərin strateji əhəmiyyətini bir daha təsdiqləyir.

Muğamın beşiyi olan Qarabağda bu sənətin bərpasına xüsusi diqqət yetirilir. 2025-ci ildə açılan Ağdam Muğam Mərkəzi: 474 yerlik konsert zalı, 15 dərs otağı, sərgi və iclas zalları, 615 nəfərlik açıq amfiteatrı  ilə Qarabağın musiqi mədəniyyətinin inkişafında yeni mərhələnin əsasını qoyur.

Ağdamın azad edilməsindən sonra cənab İlham Əliyevin rayona 2020–2025-ci illərdə həyata keçirdiyi çoxsaylı səfərlər bərpa prosesinə güclü siyasi dəstək vermiş, onlarca infrastruktur layihəsinin təməlqoymasına və açılışına səbəb olmuşdur. Bu səfərlər Ağdamın dirçəlişinə dövlət səviyyəsində verilən diqqəti aydın şəkildə göstərir.

Ağdamın tarixi taleyi Azərbaycan xalqının milli yaddaşında həm ağrılı səhifə, həm də misilsiz qələbə rəmzidir. Bu gün Ağdam işğalın izlərini silərək yenidən dirçəlir, iqtisadi, sosial, mədəni potensialını bərpa edir, müasir şəhər modelinə çevrilir. Prezident cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, dövlətimizin gücü və xalqımızın birliyi nəticəsində Ağdamın əvvəlki şöhrəti bərpa olunmaqla yanaşı, daha da möhtəşəm gələcək formalaşdırılır.

20 noyabr – Ağdam şəhəri günü bu dirçəlişin, Böyük Qayıdışın və tarixi ədalətin təntənəsini ifadə edən xüsusi tarixi gündür. Bu gün müasir Ağdam artıq qayıdışın deyil, həm də inkişafın, yenilənmənin, milli iradənin rəmzidir.

Akif Rəfiyev,

Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri

Son xəbərlər

Ağdam: Tarixi İrsin, Zəfərin və Böyük Qayıdışın rəmzi

Fəxri oxucunun şəhidlərə həsr olunmuş kitabı kitabxanalara hədiyyə olundu

Azərbaycan–Özbəkistan strateji müttəfiqliyinin yeni səviyyəsi

Qubanın Afurca məktəbi şəhid məzununu anıb, diaspor nümayəndəsi ilə görüş keçirib

Vandalizmdən dirçəlişə doğru

Zengezur Özgürlük Harekatı’ndan kutlama mesajı yayınladı

“İqlim dəyişikliyi və ISO standartları” kitabının təqdimatı keçirilib

“VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ XIZIDA TƏQDİM OLUNDU

Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrin idarəçiliyində yeni mərhələ

Belarusda dinamik inkişaf edən “Azerbeltrade” şirkəti 10 illik yubileyini qeyd edir

“Ana qanunumuzun işığında” adlı tədbir keçirilib

“Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” -QHT sədri

Şuşa şəhəri günü: Azərbaycan qürurunun, mədəniyyətinin və zəfərinin simvolu

Məhəbbət İbrahimovanın yaradıcılıq gecəsi – Ziyalılıq, vətənpərvərlik və qadın qüdrətinin təntənəsi

Orenburq Prezident Kadet Məktəbinin rəhbərinə Azərbaycanın qəhrəmanları haqqında kitab hədiyyə olunub

Qara Brilliant klubunun idmançısı 3-cü dəfə Respublika 1-cisi oldu

Zəfər Gününə həsr olunmuş xeyriyyə konserti

Konstitusiyamızın 30 illiyi – hüquqi dövlət quruculuğunun təntənəsi

Rusiyada Vətən Müharibəsinin 5 ci ildönümünə həsr olunmuş sənədli film çəkilib

Gənc pianoçu Ayan Məmmədli Budapeşt şəhərində möhtəşəm solo konserti ilə çıxış edib

Krasnoyarsk diyarının qubernatoru diaspor rəhbərini təltif edib

Konstitusiyanın tarixi və müasir əhəmiyyəti

T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə Zəfərimizin 5 illiyi qeyd olundu

AYB-nin üzvü Koreya Respublikasının televiziya kanalına müsahibəverib

Zəfərin davamı – güclü sosial dövlət

8 Noyabr – Azərbaycanın Şanlı Zəfər Günü

Müstəqilliyin və qürurun rəmzi

“Qarabağ Azərbaycandır!”

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

Qarabağ Zəfərinin zirvəsi

Bütün xəbərlər