
Dövlət-vətəndaş münasibətlərində yeni model
Prezidenti İlham Əliyev: “Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır”
Son illər Azərbaycanda rəqəmsal hökumət quruculuğu istiqamətində mühüm addımlar atılmış, müxtəlif nazirlik və dövlət qurumları tərəfindən çoxsaylı elektron platformalar və mobil tətbiqlər hazırlanmışdır. Bu təşəbbüslər dövlət xidmətlərinin əlçatanlığını artırsa da, paralel sistemlərin çoxluğu müəyyən koordinasiya çətinlikləri yaratmışdır. Müxtəlif qurumların ayrı-ayrı platformalar üzərindən xidmət göstərməsi informasiya parçalanmasına, texniki resursların təkrarlanmasına və idarəetmədə əlavə yükə səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə ölkədə rəqəmsal transformasiyanın növbəti mərhələsinə start verən mühüm tezislər səsləndirmişdir. Dövlət başçısının çıxışında əsas ideya dövlət xidmətlərinin vahid platforma – “mygov” üzərindən təqdim olunması, mövcud pərakəndə sistemlərin isə mərhələli şəkildə birləşdirilməsi və optimallaşdırılmasıdır. Bu yanaşma həm dövlət idarəçiliyində səmərəliliyin artırılmasına, həm də vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət edir.
Dövlət xidmətlərinin vahid platforma üzərindən təqdim olunması müasir idarəetmənin əsas prinsiplərindən biridir. Bu baxımdan xidmətlərin “mygov” üzərindən – yəni vahid mərkəzdən həyata keçirilməsi təşəbbüsü rəqəmsal dövlət quruculuğunda keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Azərbaycanda son illərdə müxtəlif nazirliklər və dövlət qurumları tərəfindən çoxsaylı rəqəmsal platformalar və mobil tətbiqlər hazırlanıb. Bu təşəbbüslər müəyyən nəticələr versə də, onların paralel şəkildə fəaliyyət göstərməsi sistemli koordinasiya baxımından çətinliklər yaradır.
Fərqli qurumların ayrıca platformalar yaratması ilkin mərhələdə innovasiyanı stimullaşdıra bilər. Lakin zaman keçdikcə bu yanaşma resursların təkrarlanmasına, məlumat bazalarının parçalanmasına, vətəndaş üçün qarışıqlığa və texniki və təhlükəsizlik risklərinə səbəb olur. Vahid mərkəzdə birləşmə həm texniki, həm maliyyə, həm də idarəetmə baxımından daha səmərəli modeldir. Dövlət xidmətlərinin “mygov” üzərindən təqdim edilməsi vətəndaşlara “bir pəncərə” prinsipi ilə çıxış imkanı yaradır. Bu isə dövlət-vətəndaş münasibətlərində şəffaflığı və operativliyi artırır.
Vahid platformanın əsas məqsədi vətəndaşın həyatını asanlaşdırmaqdır. Əgər bütün xidmətlər bir ünvanda cəmlənərsə istifadəçi müxtəlif saytlarda qeydiyyatdan keçməli olmaz, ayrı-ayrı tətbiqləri yükləməyə ehtiyac qalmaz,xidmətlərə çıxış daha sürətli və rahat olar, eləcə də məlumatların təkrar təqdim edilməsi aradan qalxar. Bu model həm də rəqəmsal savadlılıq səviyyəsi müxtəlif olan vətəndaşlar üçün daha əlçatan və anlaşıqlı sistem formalaşdırır.
Prezident çıxışında xüsusi olaraq qeyd etmişdir ki, indiyədək yaradılmış platformaların üstünlükləri və əldə edilmiş təcrübə nəzərə alınmalıdır. Bu sistemlərin hazırlanmasında iştirak etmiş mütəxəssislər, kadrlar ümumi prosesə cəlb edilməlidir. Bu yanaşma göstərir ki, məqsəd əvvəlki işləri inkar etmək deyil, əksinə, onları daha mükəmməl və inteqrasiya olunmuş modeldə birləşdirməkdir. Beləliklə, yeni rəqəmsal arxitektura təkcə texniki yenilənmə deyil, həm də institusional islahatdır. Burada əsas prinsip koordinasiya, vahid standart və mərkəzləşdirilmiş idarəetmədir.
Vahid platforma dövlət qurumları arasında məlumat mübadiləsini asanlaşdırır. İnformasiya sistemlərinin inteqrasiyası qərarvermə prosesini sürətləndirir, statistik və analitik imkanları genişləndirir, sənədləşmə və kağız dövriyyəsini azaldır və xərclərə qənaət edir. Bundan əlavə, kibertəhlükəsizlik baxımından da mərkəzləşdirilmiş sistem daha effektiv qorunma mexanizmlərinin tətbiqinə imkan yaradır.
Azərbaycan rəqəmsal transformasiyanın yeni mərhələsinə qədəm qoyarkən süni intellektin (SI) və kibertəhlükəsizliyin dövlət idarəçiliyində sistemli tətbiqi strateji prioritet kimi müəyyənləşdirilir. Prezident İlham Əliyev tərəfindən səsləndirilən tezislər göstərir ki, texnoloji inkişaf artıq seçim deyil, zərurətdir və bu proses həm dövlət sektorunu, həm də özəl sektoru əhatə etməlidir. Müasir dünyada aparıcı ölkələrdə süni intellekt sistemləri dövlət qurumlarının gündəlik fəaliyyətinə inteqrasiya olunub. Xüsusilə “süni intellekt agentləri” adlandırılan alətlər dövlət məmurlarına qərar qəbuletmə prosesində analitik dəstək göstərir, böyük həcmli məlumatları emal edir və riskləri əvvəlcədən müəyyənləşdirir.
Süni intellekt insanı əvəz etmir, əksinə, qərarların daha əsaslandırılmış və obyektiv verilməsinə yardımçı olur. Bu baxımdan rəhbər vəzifələrdə təmsil olunan şəxslərin SI alətlərindən geniş istifadə etməsi dövlət idarəçiliyində çeviklik və dəqiqliyi artıracaq. Dünyanın aparıcı texnologiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Süni intellekt və kibertəhlükəsizlik sahəsində qabaqcıl təcrübəyə malik şirkətlərlə birgə layihələr texnologiya transferini sürətləndirər, yerli mütəxəssislərin bilik və bacarıqlarını artırar və Azərbaycanı regional texnoloji mərkəzə çevirə bilər. Prezident səviyyəsində bu məsələlərin nəzarətdə saxlanılması beynəlxalq tərəfdaşlara aydın mesaj verir: Azərbaycan süni intellekt və rəqəmsal təhlükəsizlik sahəsini strateji prioritet kimi müəyyənləşdirib və bu istiqamətdə sistemli siyasət həyata keçirir.
“Azərbaycanın yeni rəqəmsal arxitekturası” təşəbbüsü ölkənin rəqəmsal inkişaf strategiyasında mühüm mərhələdir. Dövlət xidmətlərinin “mygov” platformasında birləşdirilməsi idarəetmədə səmərəliliyin, şəffaflığın və vətəndaş məmnuniyyətinin artırılmasına yönəlmiş sistemli addımdır. Prezident İlham Əliyev tərəfindən səsləndirilən bu konsepsiya göstərir ki, Azərbaycan rəqəmsal transformasiyanı növbəti mərhələyə daşımaq, dövlət idarəçiliyində müasir, çevik və vətəndaşyönümlü model formalaşdırmaq niyyətindədir. Vahid mərkəz prinsipi gələcəkdə daha inteqrasiya olunmuş, təhlükəsiz və effektiv dövlət xidmətləri sisteminin əsasını təşkil edəcək.
Azərbaycanın coğrafi mövqeyi, enerji və nəqliyyat infrastrukturunun inkişafı, rəqəmsal dövlət xidmətlərinin mövcud bazası və gənc, texnologiyaya açıq əhalisi bu sahədə mühüm üstünlüklər yaradır. Bu imkanlar beynəlxalq tərəfdaşlara daha dolğun şəkildə təqdim edilməli, investisiya və innovasiya üçün əlverişli mühit formalaşdırılmalıdır. Süni intellektin dövlət idarəçiliyində tətbiqi, özəl sektorun təşviqi və kibertəhlükəsizliyin gücləndirilməsi Azərbaycanın rəqəmsal gələcəyinin əsas sütunlarını təşkil edir. Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş bu prioritetlər ölkənin texnoloji suverenliyinin möhkəmləndirilməsinə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına və milli təhlükəsizliyin təmin edilməsinə xidmət edir.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent


