
Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq
Təhsil, maarifçilik, gənclərin mədəni və sosial inkişafı sahəsində fəaliyyət göstərən “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Mədəniyyətlərarası Dialoq Naminə Qlobal İttifaqın tərəfdaşlığı ilə ölkəmizin sivilizasiyalar və mədəniyyətlərarası dialoq siyasətinin təbliği məqsədilə “Mədəniyyət Vasitəsilə Davamlı Sülh Yaradaq!” Beynəlxalq Forum adlı layihə icra etməyə başlamışdır.
Layihənin əsas məqsədi qarşılıqlı təcrübə və informasiya mübadiləsi, beynəlxalq mədəni əməkdaşlıq, şəbəkələşmə və gənclərin fəal iştirakçılığı fəaliyyətləri ilə Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində“Bakı Prosesi” qlobal təşəbbüsü çərçivəsində əcnəbi və milli vətəndaş cəmiyyəti institutları arasında davamlı birgəyaşayış, multikulturalizm və sülh mədəniyyətinin inkişaf etdirilməsinə dəstək verməkdir.
Layihə çərçivəsində cari ilin 06 – 10 aprel tarixlərində Bakı şəhərində 10 ölkənin 60 QHT rəhbərləri, gənc liderləri, hökumət, beynəlxalq təşkilat təmsilçiləri, ekspert və media nümayəndələrinin iştirakı ilə Beynəlxalq Forumun keçirilməsi, ölkəmizin dünyaya model olan “Bakı Prosesi” qlobal təşəbbüsü ilə əcnəbi gənc liderlərin yaxından tanışlığı, müxtəlif qurumlarda görüşlərin təşkili, sülh mədəniyyəti, mədəni diplomatiya, sülh aktorluğu və mədəniyyətlərarası dialoq mövzusunda panel müzakirələri və interaktiv sessiyaların təşkili və Forumun Bəyannaməsinin qəbulu nəzərdə tutulur.






