
Gədəbəydəki təxribatlar “beşinci kolon”nun təlimatı ilə həyata keçirilir- Ramiz Alıyev
Gədəbəydə baş verən hadisələr hər birimizdə təəssüf və təəccüb doğurdu. Təbii ki, hər bir vətəndaşın etiraz etmək, narazılığını bildirmək hüququ vardır. Amma bu etirazlar kənardan idarə olunursa, dövlət-cəmiyyət münasibətlərinin pozulmasına xidmət edirsə, polisin, özəl sektorun əməkdaşlarının təhqir olunması ilə nəticələnirsə, bunu pisləməmək doğru olmazdı.
Bunu saytımıza açıqlamasında politoloq Ramiz Alıyev Gədəbəydə təxribatla müşaiyyət olunan etiraz aksiyasına münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, aksiya iştirakçıları məqsədli şəkildə Azərbaycan atributlarını formalarında gəzdirən polisi təhqir edərək, onları təxribata çəkiblər: “Gədəbəydəki qızıl zavodunun ətraf aləmə təsirini araşdırmaq üçün dövlət komissiyası yaradılıb. Ümid edirəm ki, komissiya hər bir detalı ciddi şəkildə araşdıracaq və elmi əsaslara söykənən yekun sənədlər ortaya qoyacaqdır. Eyni zamanda polis-vətəndaş münasibətlərini pozmaq istəyən qüvvələrin də fəaliyyəti araşdırılmalı və buna hüquqi qiymət verilməlidir. Mənim diqqətimi bir neçə məqam çəkdi. Birincisi, görüntülərdən də bəlli olur ki, aksiya öncədən hazırlanıb. Üzərində müəyyən şüarlar olan plakatlar öncədən hazırlanaraq iştirakçılara paylanılıb. Şüarlar da müəyyən beyin mərkəzləri tərəfindən hazırlanıb. İnanmıram ki, sadə kənd insanları o cür şüarlar yazsınlar. O şüarları, plakatları hazırlamaq üçün müəyyən qruplar günlərlə, həftələrlə çalışblar, baş sındırıblar. Təxribat senarrisi də öncədən hazırlanmışdı. Yaşlı qadınları və uşaqları qabağa çəkmək, polislərə daş-kəsək atmaq, təhqir-söyüşlərdən istifadə etmək də bu senarrinin tərkib hissəsi olub. Üstəlik, xüsusi plan əsasənda orada foto və video çəkilişlər aparılıb. Vətəndaşların aqressiv davranışları kəsilərək çəkilişlərdən silinib, polisin təxribata cavabı isə çılpaqlığı ilə saxlanılaraq ictimaiyyətə təqdim olunub. Görüntülərdən sanki belə aydın olur ki, guya vətəndaşlar polisə qarşı daş-kəsək atmayıb, onları söyüb təhqir etməyib. Guya polis durduqları yerdə onlara qarşı yumuşaq gücdən istifadə edib. Məqsəd dövlət-vətəndaş qarşıdurması yaratmaq və bunu müəyyən dairələrə təqdim etməkdir”.
Politoloq qeyd etdi ki, heç kəs istəməz ki, polis əməkdaşı vətəndaşa qarşı, xüsusilə də yaşlı insana, qadın və uşağa qarşı aqressiv davransın: “Biz polisi o məqama çatdıran səbəbləri araşdırmalıyıq. Nə üçün polis xüsusi qoruyucu vasitələr geyinərək aksiya keçirilən yerə gəlmişdi? Çünki daha öncə adi xidməti formasında olan polislər təhqir olunmuşdular, daşa basılmışdılar. Sənin azadlığın başqasının azadlığının başladığı yerdə bitir. Polis digər vətəndaşların, sahibkarların hüquqlarının pozulmaması, ölkədə sabitliyin təmin edilməsi üçün sinəsini təhlükənin qarşısına sipər etməlidir. Polisi təxribata çəkənlər, gözdən salmaq istəyənlər tapılıb cəzalandırılmalıdırlar. Oradakı qadın və uşaqlar təxribatın qurbanlarıdırlar. Onlar aksiyanın arxasındakı qüvvələrin əsl niyyətlərin heç bu gün də anlamırlar. Təsadüfi deyil ki, AXCP sədri Əli Kərimli partiyanın qurultayına hazırlığa məhz Gədəbəydən başladı. Onlar bu gün dövlətdən Bakıda böyük zal tələb edirlər. Görəsən, AXCP-nun o böyük zalları dolduracaq qədər üzvü varmı? Partiyanın ömürlük sədri olan Əli Kərimli formal qurultay keçirmək istəyir. 24 iyunda keçiriləcək qurultayla bu günlərdə Gədəbəydə baş verən aksiyanın həqiqətənmi bir bağlılığı yoxdu?! Bunu mütləq araşdırmaq lazımdır. Oradakı plakatların harada və nə vaxt hazırlanması, o şüarların hansı beyin mərkəzlərinin məhsulu olması da mütləq araşdırılmalıdır. Gədəbəy hadisələri ilə 24 iyun qurultayının əlaqələrini xüsusi ilə araşdırmaq və hüquqi qiymət vermək lazımdır.
Erməni təxribatlarına qarşı xalqımızın apardığı mübarizədə gözə dəyməyən Əli Kərimli və onunla bərabər “5-ci kolon” fəaliyətini həyata keçirən sosial şəbəkə “qəhramanları” indi sanki plan üzrə Gədəbəy hadisələri üçün və orada hadisələri alovlandırmaq üçün gücləndirilmiş iş rejiminə keçmişdilər.
Bu cür qüvvələr var güclərilə çalışırlar ki, ölkədə qarmaqarışıqlıq olsun, vətəndaşlar dövlətdən incik düşsünlər və s. Mən Gədəbəydəki hadisələrlə beşinci kolonun planları arasında müəyyən bağlılıqlar görürəm. Ona görə də hüquq mühafizə orqanları mütləq şəkildə aksiyada baş verən prosesləri, orada qaldırılan plakatları diqqətlə araşdırmalıdırlar. O plakatların hansı qüvvələr tərəfindən hazırlanması, aksiya iştirakçılarına təlimatların kimlər tərəfindən verilməsi diqqətdən kənar qala bilməz.”