
Pakistan saytında "Edillidə erməni vandalizmi" adlı məqalə dərc olunub
Pakistanın "Thediplomaticviews.com" saytında Ermənistan ordusunun Xocavəndin Edilli kəndində törətdikləri hərbi cinayətlərlə bağlı yazı dərc olunub. "Edillidə erməni vandalizmi" adlı məqalənin müəllifi Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadədir.
Məqalədə ermənilər tərəfindən zaman-zaman azərbaycanlılara qarşı qırğınların həyata keçirildiyi qeyd edilib: "İşğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlar bunu bir daha sübut edir. Bu il fevralın 23-də Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıq aşkar edilib. Oktyabrın 4-də isə Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Qəbiristanlıqda 12 nəfərin qalıqları tapılıb. Geyimlərindən onların əsgər olduqları müəyyən edilib. Qalıqlardan aydın görünürdü ki, həmin şəxslərin ölməzdən əvvəl əl və ayaqları kəndirlə bir-birinə bağlanıb. Bütün bunlar erməni vandalizminin bariz nümunəsidir".
Müəllif vurğulayıb ki, bununla Ermənistan ordusu beynəlxalq hüququ və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozub: "1949-cu ildə hərbi əsirlərlə rəftar haqqında III Cenevrə Konvensiyası qəbul edildi. Ermənilər bu Konvensiyanın şərtlərinə məhəl qoymayaraq azərbaycanlı hərbi əsirlərə qarşı qeyri-insani davranışlar nümayiş etdirdilər".
Məqalədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevın “Twitter” səhifəsində Edilli faciəsi ilə bağlı paylaşımı qeyd edilib.
Yazıda bildirilib ki, Qarabağ müharibəsində ermənilər tərəfindən girov götürülmüş 4000 Azərbaycan vətəndaşının taleyi hələ də məlum deyil və Haaqa məhkəməsi Ermənistanı bu cinayətlərə görə cəzalandırmalıdır.
Məqalə ilə ətraflı şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür:
//thediplomaticviews.com/armenian-vandalism-in-edilli/