
Ermənilərin Laçın yolundan sui-istifadə etməsi mülki insanlarımızın həyatına təhlükə yarada bilər
Aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri - qəhrəman sərhədçilərimiz tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması, son aylarda Azərbaycanın Qarabağ ərazisində, Azərbaycan-Ermənistan şərti sərhədlərində baş verən hadisələrin, separatçıların, Ermənistan hərbçilərinin təxribatlarının, Rusiyanın “sülhməramlı” adlanan qüvvələrinin davranışlarının məntiqi nəticəsidir. Hesab edirəm ki, bu məsələnin əhəmiyyətini düzgün və obyektiv dəyərləndirmək üçün bir neçə aspektdən baxmaq lazımdır. Əlbəttə, hadisəyə hüquqi baxımdan yanaşsaq, bu, Azərbaycan Respublikasının öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi kimi suveren və ayrılmaz hüququndan istifadənin təcəssümüdür və bu, bütün sivil beynəlxalq ictimaiyyət, siyasətçilər və ekspertlər tərəfindən normal, təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.
“Digər tərəfdən, bu, dövlətin öz vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Belə ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından az qala üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də erməni diversantları tərəfindən minaların basdırılması nəticəsində hərbçilərimiz və mülki şəxslər həlak olur, xəsarət alırlar. Əgər nəzərə alsaq ki, Azərbaycan tezliklə Laçın da daxil olmaqla digər azad edilmiş ərazilərə mülki insanlar köçürəcək, görünən odur ki, ermənilərin Laçın yolundan sui-istifadə etməsi, mülki insanlarımızın təhlükəsizliyi, onların dinc yaşaması üçün ciddi problemlər yarada bilər. Azərbaycan dövlətinin bütün növ terrorçulara, separatçılara, revanşistlərə, başqa dövlətlərə bağlı, onların tapşırığını, əmrlərini yerinə yetirənlərə qarşı mövqeyi birmənalıdır, bizim ərazilərimizdə onlara yer yoxdur, buna cəhd edənlərlə isə cavabımız qəti və ciddi olacaq”, - deyə Əhməd Abbasbəyli qeyd edib.
Bu hadisənin dövlətlərarası münasibətlər, o cümlədən Azərbaycan-Ermənistan münasibətləri baxımından əhəmiyyətli, hətta irəli atılmış bir addım olduğunu söyləyən Ə.Abbasbəyli deyib: “Bu hadisə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasının növbəti mühüm göstəricisidir. Ermənistan hər bir vəchlə öz ərazi bütövlüyünün və suverenliyinin qorunmasını, eks-territorial yanaşmaların qəbuledilməz olduğunu bildirir. Praqa və Soçi sənədləri ilə Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bu günlərdə parlamentdə çıxışı zamanı N.Paşinyan bunu bir daha təsdiq etdi. Bütün bu sadalanan və sadalanmayan faktlar sübut edir ki, əslində regionda əmin-amanlığın və sülhün bərqərar olması üçün zəmin var. Kənardan suyu bulandırmağa, bu bulanıq suda balıq tutmağa cəhd edənlər öz bədxah əməllərindən əl çəksələr, yalançı təəssübkeşliklərini kənara qoysalar bu proses daha da sürətlə gedər”.
Onun sözlərinə görə, bu hadisə Qarabağda yaşayan ermənilər üçün də yeni mərhələnin başlanğıcı ola bilər. Azərbaycan tərəfi ən yüksək səviyyədə elan edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib ölkənin qanunlarına tabe olsalar, digər vətəndaşlarla bərabər hüquqa malik olacaq və normal, hətta əvvəlkindən daha da yaxşı şəraitdə yaşamaq imkanı əldə edəcəklər. Bu baxımdan onların Azərbaycanın təklifini qəbul edib reinteqrasiya məsələləri üzrə təmaslara başlaması üçün vaxt yetişib. Bu proses nə qədər tez başlayarsa, o qədər də tez yerli erməni əhalinin həyat tərzi yaxşılaşar.
“Düşünürəm ki, regionda sülhün, təhlükəsizliyin təmin olunmasını həqiqətən də istəyən, bu prosesə səmimi yanaşan hər kəs prosesə mane olmamalı, əksinə dəstək olmalıdırlar. Təbii ki, bu sözlər ilk növbədə Fransaya, o cümlədən Rusiyanın “sülhməramlı” adlanan qüvvələrinə aiddir”, - deyə Əhməd Abbasbəyli diqqətə çatdırıb.