
"Azərbaycanda siyasi sistemdə davamlı islahatlar hökm sürür"
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Hazırda Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üzərində iş davam edir. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin əhəmiyyəti və zəruriliyi ilə bağlı Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Asgərli LAF TV-ə müsahibəsində öz fikirlərini bölüşüb.
Asif Asgərli bildirib ki, yeni qanun layihəsi ilə bağlı Milli Məclisə YAP da öz təkliflərini göndərib: “29 siyasi partiya bu qanun layihəsi ilə bağlı öz təkliflərini göndərib. Bu onun göstərir ki, yenin qanun layihəsinin müzakirəsi plüralizm şəraitində aparılacaq.
Azərbaycanda ilk dəfə 1992-ci ildə “Siyasi partiyalar haqqında” qanun qəbul olunub. 2012-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə o dövrün siyasi proseslərinə uyğun bu qanunda xeyir düzəlişlər oldu. Amma indi dövr tamamilə dəyişib. Baxın, Azərbaycanda və regionda geosiyasi proseslərdə dəyişikliklər olub. Azərbaycan dövlətinin inkişaf prioritetləri müəyyən olunub. Buna uyğun bütün sahələrdə, o cümlədən siyasi proseslərdə də inkişafa nail olunub. Bu proseslərin əsas avanqardı siyasi partiyalardır. Bu gün YAP siyasi proseslərin əsas avanqard partiyası olaraq fəallıq göstərir. Bildiyinz kimi, YAP-da bir sıra struktur dəyişiklikləri baş verdi və yeni proqram qəbul olundu. Biz bu kimi inkişaf və dəyişikliyi digər siyasi partiyalarda da görmək istəyirik. Siyasi partiyaların həm cəmiyyətdə, həm də siyasi proseslərdə rolunun artırılması, onların iştirakına genişi imkanların verilməsi üçün “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunması zərurəti yaranıb. Əvvəlki qanundan fərqli olaraq yeni qanunda siyasi partiyaların həm funksionallığının artırılması, həm də siyasi proseslərdə çevik iştirak etməsi üçün geniş imkanlar yaradılacaq”.
YAP rəsmisinin fikrincə, hazırda Azərbaycanda siyasi proseslərdə dialoq və milli həmrəylik mühiti hökm sürür: “2019-cu ildə ilk dəfə Prezident Admnistrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Bundan sonra cənab Prezidentin siyasətinə uyğun siyasi partiyalarla iş sahəsində çox önəmli fəaliyyətlərə başlandı. Eyni zamanda ölkədə siyasi dialoq, milli həmrəylik istiqamətinə uyğun addımlar atıldı. Qısa zamanda siyasi partiyaların qeydiyyat məsələsi öz həllini tapdı. Belə ki, bir neçə partiya dövlət qeydiyyatına alındı, onlarla partiyanın qurultayları keçirildi, 20-dən artıq siyasi partiya mənzil- qərargahla təmin olundu. Dəfələrlə partiya rəsmiləri ilə Prezidentin təmsilçiləri arasında siayasi dialoq mühitində görüşlərin keçirilməsinin, siyasi partiya təmsilçilərinin televiziyalarda dövlət rəsmiləri ilə sərbəst debatının şahidi olduq. Və təbii ki, eyni zamanda siyasi partiyaların Azərbaycanda gedən proseslərlə bağlı həmrəylik nümayiş etdirdiyini gördük. Əvvəlki dövrlərdə əgər partiyalar qeyri- konstruktiv, hətta bəziləri aqressiv şəkildə bu proseslərdə iştirak edirdilərsə, amma bu gün daha çevik, konstruktiv şəkildə iştirak edirlər. Azərbaycanda bu gün rəsmi qeydiyyatdan keçən partiyaların əksəriyyəti bu proseslərdə aktivdir”.

