
Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub
Martın 9-da “Bakı Tekstil Fabriki” MMC-nin ofisində Azərbaycanda qadın sahibkarlığının inkişafı, biznes mühitində qadınların rolunun gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi mövzusunda görüş keçirilib.

Mustaqil.az xəbər verir ki, görüşdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Xəzər Biznes Təşəbbüsü təşkilatının prezidenti Gülnarə Rəhimova, Ümumdünya Biznes Alyansının prezidenti Anastasiya Şikareva, həkim-psixiatr, alim, tibb elmləri namizədi Ester Vavilonskaya, eləcə də Xəzər Biznes Təşəbbüsü təşkilatının vitse-prezidenti, Ümumdünya Biznes Alyansının prezidentinin müşaviri Ramil Səlifov, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə iştirak ediblər.

Görüş çərçivəsində qadın sahibkarlığının inkişafı istiqamətində görülən işlər, bu sahədə mövcud imkanlar və gələcək perspektivlər geniş müzakirə olunub. Qeyd edilib ki, qadınların biznes fəaliyyətinə daha fəal cəlb olunması, onların iqtisadi müstəqilliyinin artırılması və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi cəmiyyətin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.


Tərəflər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinin, yeni biznes təşəbbüslərinin təşviqinin və təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən biznes qurumları ilə əlaqələrin möhkəmləndirilməsi yeni layihələrin həyata keçirilməsinə və sahibkarlar üçün əlavə imkanların yaradılmasına şərait yarada bilər.
Görüş zamanı həmçinin qadın sahibkarların bilik və bacarıqlarının artırılması məqsədilə təlim proqramlarının təşkili, mentorluq layihələrinin həyata keçirilməsi və beynəlxalq biznes platformalarında onların iştirakının təmin olunması məsələlərinə də toxunulub.
Tədbirin sonunda tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində biznes təşəbbüslərinin dəstəklənməsi, təcrübə mübadiləsi, beynəlxalq layihələrin həyata keçirilməsi və qadın sahibkarların fəaliyyətinin təşviqi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.


Görüşdən sonra qonaqlar “Bakı Tekstil Fabriki” MMC-də istehsal sahələrini gəzərək müəssisənin fəaliyyəti, istehsal prosesi və iş rejimi ilə yaxından tanış olublar. “Bakı Tekstil Fabriki” MMC-nin sədri Səkinə Babayeva onlara qurumun fəaliyyəti, istehsal gücü və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.


Sonda tərəflər gələcəkdə birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsi, müxtəlif forum və tədbirlərin təşkili istiqamətində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər. Görüş qarşılıqlı fikir mübadiləsi və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.








