
YAXŞI ADAM...
Cəlilabadlı dostlarım onun barəsində ağızdolusu danışıb, gözəl sözlər söyləyirlər. Rayon əhalisinə isti münasibət göstərdiyini, qayğı ilə yanaşdığını xüsusi vurğulayırlar.
Dostum, filologiya elmləri namizədi, şair, publisist Bilal Alarlı onu belə xarakterizə edir: “O, Cəlilabadda əhalinin məşğulluğunun təmin edilməsinə diqqətlə yanaşır. Rayonun ən mühüm problemləri təsərrüfat ənənələrinin dirçəldilməsi, yeni iş yerlərinin açılması, suvarma şəbəkəsinin bərpası, yolların abadlaşdırılması, sosial binaların tikintisinə rəvac verilməsi ilə bağlıdır. Bu məsələlər rayonda görüləcək uzunmüddətli proqramın tərkib hissəsini təşkil edir. Səyyar iclaslarda, ayrı-ayrı kəndlərin sakinləri ilə keçirilən görüşlərdə müzakirə edilən məsələlər də bu problemlərin tezliklə aradan qaldırılmasına xidmət edir. Şəhid ailələrinə, qazilərə tez-tez baş çəkir, onların qayğısına qalır, problemlərini, çətinliklərini aradan qaldırır. Bir sözlə, uşaqla uşaq, böyüklə böyük kimi rəftar edir və sözün həqiqi mənasında Cəlilabad əhalisinin ehtiramını qazanıb...”
...O, 13 yanvar 1963-cü ildə dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra o vaxtkı Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunub, 1984-cü ildə oranı iqtisadçı kimi bitirib. Əmək fəaliyyətinə Ukrayna Respublikasnda başlayıb. 1984-1989-cu illərdə Ukraynanın “Krivorojstal” metallurgiya kombinatında nəzarət-təftiş bürosunun rəisi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycana qayıdaraq, burada Xəzər Dəniz Gəmiçilik İdarəsində, özəl sektorda, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Sonra Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Xidmətində olduğu dövlət qulluğu vəzifələrində ləyaqətlə çalışması ona olan etimadı artırıb və ölkə rəhbəri tərəfindən yüksək dəyərləndirilərək Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Sonradan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini vəzifəsi ona həvalə olunub. 2021-ci ildən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir...
...Realist və sosial xarakterə malik insandır. Yüksək intuisiya qabiliyyəti var, bu da hər vəziyyətdə onun düzgün qərar verməsinə kömək edir. Bacardığı qədər ədalətli olmağa çalışır. Cəmiyyətdə, işdə və dostları arasında davranışında olduqca diqqətlidir...
Rayonun Göytəpə şəhərinin nüfuzlu sakinlərindən biri, iş adamı, dostum Rafiq Abışov isə onun haqqında söyləyir: “O, bu vəzifəyə gətiriləndə rayonda iqtisadi problemlər çox idi. Sovet təsərrüfat sistemi dağılandan sonra yeni iqtisadi strukturların yaradılması yubadılırdı. Təsərrüfatla yanaşı, tikinti və abadlıq sahəsində də geriləmələr mövcud idi. Sovet dönəmindən qalma yollar dağılmış, təsərrüfatların suvarma sistemi sıradan çıxmışdı. Əhali işsizlikdən əziyyət çəkirdi. Kütləvi iş yerləri qapanmış, iki yüz mindən çox əhalisi olan rayonda dolanışıq problemi yaranmışdı. O, bu çətinliklərə yiyə durub, çiyinlərini ağır yükün altına verdi. Və qısa müddətdə bir sıra problemləri aradan qaldırdı...”
...Həssas adamdır, özünü ifadə etmək qabiliyyəti güclüdür. Əməksevərliyə, işgüzarlığa böyük önəm verir. Adamlarda mərdliyi, dürüstlüyü yüksək dəyərləndirir. Olduqca məsuliyyətlidir, necə deyərlər, yüz ölçüb bir dəfə biçməyi xoşlayır. Yardıma ehtiyacı olan insanlara sevgi və şəfqətlə yanaşır...
“Rayonun iqtisadiyyatını əsasən kənd təsərrüfatı və yeyinti sənayesi təşkil edir. Vaxtilə Cəlilabad Azərbaycanda ən böyük üzümçülük, taxılçılıq və kartofçuluq bölgəsi sayılırdı. İqtisadiyyatında taxılçılıq və heyvandarlıq da mühüm yer tuturdu. Mal-qara və donuzkökəltmə birlikləri, quşçuluq kombinatı, inkubator-quşçuluq stansiyaları vardı. Həmçinin üzüm emalı, süd, çörək, asfalt zavodları, yerli sənaye kombinatı, xalça sexi və başqa müəssisələr də mövcud idi. Bakı-Astara dəmir yolunun və Bakı-Astara avtomobil yolunun rayon ərazisindən keçməsi rayonun iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edirdi. Ənənəni bərpa etmək, təsərrüfatı dirçəltmək istiqamətində görülən bütün işlər təqdirəlayiqdir. O, tikinti-abadlıq işlərinə də diqqətlə yanaşır. Cəlilabadda şəhərdaxili küçələrdə aparılan asfaltlanma işləri ilə ciddi maraqlanır. Şəxsi təşəbbüsü ilə məhəlli yolların asfaltlaşdırlmasını həyata keçirir...”- Bunları da sabiq deputat, Cəlilabad sakini Dünyamalı Məmmədov söyləyir...
...Bəli, yaxşı adam harada işləməsindən asılı olmayaraq Yaxşı Adamdır. İstər sıravi peşə sahibi olsun, istərsə də vəzifə adamı. O, heç vaxt öz xeyirxahlığından qalmayacaq. Bacardığı qədər xalqa, dövlətə faydalı insan olacaq. Haqqında söhbət açdığım Rafiq Əsgər oğlu Cəlilov kimi...
Yanvarın 13-ü Rafiq müəllimin 63 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir və möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram. Şair dostum Sakit İlkinin təbirincə desək:
“Həmişə üzü belə,
Ağ ol, a yaxşı adam…
Barı dərilib, qalxan,
Bağ ol, a yaxşı adam…
Qar verən ..qar alandı
Çox adlar qaralandı…
Saçına qar ələndi,
Dağ ol, a yaxşı adam…
Xoş sözün gəlib, çatıb
Dolub qəlbimin çatı…
Sağola gücüm çatır,
Sağ ol, a YAXŞI ADAM!!!”
Hörmətlə, Elman Eldaroğlu



