
“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR
24 fevral 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib. Tədbirdə layihənin müəllimləri, təlimçiləri, ekspertləri və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin üzvləri iştirak ediblər.
Təqdimatda layihənin məqsədi və tədris proqramlarının strukturu barədə məlumat verilib. Çıxışlarda qeyri-maddi mədəni irsin müasir təhsil mühitində öyrədilməsinin əhəmiyyəti, ustad-şagird modelinin rolu və layihə əsaslı öyrənmə yanaşmasının üstünlükləri vurğulanıb. Tədbir videolentə alınıb və ictimaiyyətə təqdim olunacaq.
Layihə qeyri-maddi mədəni irsin öyrədilməsi üçün layihə əsaslı innovativ modelə əsaslanır. Bu çərçivədə səkkiz tematik qrup üzrə proqramlar hazırlanıb. Proqramlar milli irs elementləri əsasında nəzəri bilik, praktiki məşğələ və yaradıcılıq fəaliyyətini birləşdirir.
Tədris istiqamətləri musiqi və ifaçılıq, şifahi xalq ədəbiyyatı, rəqs və ənənəvi idman, tekstil və naxış mədəniyyəti, xalq sənətkarlığı, mətbəx ənənələri, qonaqpərvərlik və sosial ünsiyyət, eləcə də bayram mərasimlərini əhatə edir. YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş 24 Azərbaycan irs nümunəsi dərs formatında təqdim olunur.
Hər qrup üzrə tədris 5 gün, gündə 4 saat olmaqla ümumilikdə 20 saat davam edir. Proqramın sonunda iştirakçılar layihə və təqdimatlarla əldə etdikləri bilik və bacarıqları nümayiş etdirirlər.
Təqdimat zamanı birinci təlim qrupu – “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” proqramı müzakirə edilərək qəbul olunub. Proqram iftar və çay mədəniyyətinin elmi, sosial və estetik aspektlərinin öyrənilməsinə və tətbiqi modelin hazırlanmasına yönəlib.
Layihə Bakı şəhəri, Yasamal rayonu, Həmidağa Hüseynzadə küçəsi 11 ünvanında yerləşən Zərgərpalan hamamında 10 mart – 30 aprel 2026-cı il tarixlərində həyata keçiriləcək. Təlimlərin sonunda yekun təqdimat və sərgi təşkil olunacaq.
Hazırda təlim proqramlarına iştirakçı qəbulu davam edir. Layihə Azərbaycanın qeyri-maddi mədəni irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Fotolar










