
225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub
Milli müstəqilliyimiz qürurumuz, dövlətçiliyimiz isə ən böyük sərvətimizdir!
18 Oktyabr – Azərbaycan xalqının tarixi yaddaşına qızıl hərflərlə yazılmış, milli dövlətçilik ənənələrimizin və azadlıq iradəmizin təntənəsini əks etdirən Müstəqilliyin Bərpası Günüdür. Bu əlamətdar tarix xalqımızın azadlıq uğrunda apardığı mübarizənin, milli birliyinin və müstəqil dövlət qurmaq əzminin parlaq təcəssümüdür.
Bu əlamətdar gün T.Abbasovun adını daşıyan 225 saylı tam orta məktəbin kollektivində də böyük sevinc, qürur və iftixar hissi ilə qeyd olunub. Məktəbdə təşkil edilən tədbirin əsas məqsədi şagirdlərə Azərbaycanın müstəqillik tarixini dərindən aşılamaq, onların milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək, vətənpərvərlik ruhunu yüksəltmək və dövlət müstəqilliyimizin əhəmiyyətini bir daha diqqətə çatdırmaq olub.
Tədbirdə məktəbin direktor əvəzi Aytən Qibləliyeva, direktor müavini Z. Nusalova, UBRT-nin rəhbəri Gülnarə Hüseynova, kitabxana müdiri Tahirə Zamanova, kitabxanaçı Nigar Sarıbəlayeva və məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılar Azərbaycanın müstəqillik tarixindən, xalqımızın azadlıq uğrunda apardığı mübarizədən, milli birlik və həmrəyliyin əhəmiyyətindən söz açıblar. Çıxışlarda müstəqilliyin qorunmasının, dövlətçilik ənənələrinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanıb.
Şagirdlər milli-mənəvi dəyərlərimizi, Vətənə məhəbbəti, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini və azadlıq duyğularını əks etdirən bədii çıxışlar təqdim edib, vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Onların ifasında səslənən şeirlər və səmimi fikirlər doğma yurda sevgi, milli kimliyə bağlılıq və müstəqil Azərbaycanın gələcəyinə inam hisslərini ifadə edib.
Tədbirin diqqətçəkən məqamlarından biri də “Kiçik Akademiya” üzvlərinin hazırladıqları rəsm əsərlərinin nümayişi olub. Şagirdlərin yaradıcılıq nümunələrində Azərbaycanın üçrəngli bayrağı, doğma Vətənimizin gözəllikləri, milli-mənəvi dəyərlərimiz və müstəqilliyimizin rəmzləri öz əksini tapıb. Bu əsərlər gənc nəslin Vətənə olan sevgisini, milli tariximizə marağını və yaradıcı düşüncəsini nümayiş etdirib.
Belə tədbirlər şagirdlərin yalnız bilik və bacarıqlarının inkişafına deyil, həm də onların şəxsiyyət kimi formalaşmasına, milli ruhda tərbiyə olunmasına və vətəndaşlıq məsuliyyətinin güclənməsinə mühüm töhfə verir. Müstəqillik tariximizin məktəblilərə bu cür yaradıcı və mənəvi məzmunlu tədbirlər vasitəsilə çatdırılması gənc nəslin öz köklərinə bağlı, tarixini bilən və dövlətinə sadiq vətəndaşlar kimi yetişməsində xüsusi əhəmiyyət daşıyır.
T.Abbasov adına 225 saylı tam orta məktəbin kollektivinin təşkilatçılığı ilə keçirilən bu tədbir bir daha göstərib ki, milli müstəqilliyimiz hər bir azərbaycanlının qürur mənbəyi, milli birliyimiz isə gələcəyimizin möhkəm təməlidir.
Müstəqilliyimiz əbədi, dövlətçiliyimiz sarsılmaz, üçrəngli bayrağımız daim yüksəklərdə olsun!
225 saylı tam orta məktəbin kollektibi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edirlər!













