
“Azərbaycan Gözəli” piar menecer oldu
"Azərbaycan Gözəli-2022” Milli Gözəllik Müsabiqəsinin birinci yerinin sahibi Aydan Məmmədova yeni vəzifəyə təyin olunub. O, Şou Prodakşının layihələr üzrə piar meneceri kimi fəaliyyət göstərəcək.
Aydan Məmmədova saytımıza açıqlamasında bildirib ki, prodakşının direktoru Azər Bağırov və icraçı direktoru Cavid Zamanlı tərəfindən ona bu təklifin edilməsi gözlənilməz olub və böyük sevinc hissi yaradıb.
“Düzünü desəm, belə bir təklif alacağımı gözləmirdim. Təklifi eşidəndə çox sevindim. Şou Prodakşın mənim üçün doğma bir məkandır. Çünki 2022-ci ildə məhz bu prodakşının təşkil etdiyi ‘Azərbaycan Gözəli-2022’ Milli Gözəllik Müsabiqəsinin qalibi olmuşam.
Düzdür, əvvəlki illərdə də müsabiqədə iştirak etmişdim, lakin uğur qazana bilməmişdim. 2022-ci il isə həyatımda böyük bir dönüş nöqtəsi oldu. Nəhayət, məqsədimə çatdım və müsabiqənin qalibi oldum. Bu uğur mənim üçün çox dəyərlidir və buna görə özümü xoşbəxt hiss edirəm.
İnanıram ki, bu dəfə də mənə göstərilən etimadı doğruldacaq, üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyəm. Bundan sonra sevənlərim məni yalnız model və aktrisa kimi deyil, həm də piar meneceri kimi görə biləcəklər”, – deyə Aydan Məmmədova qeyd edib.
Beləliklə, “Azərbaycan Gözəli-2022” titulunun sahibi olan Aydan Məmmədova fəaliyyət dairəsini genişləndirərək şou-biznes sahəsində yeni istiqamətdə addımlar atmağa hazırlaşır.







