
Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı
“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Region gənclərinin fəal iştirakçılığı və ictimai liderlik proqramı" adlı maarifləndirmə, PR və sosial fəaliyyətli layihənin icrasına başlayıb.
3 ay müddətində Şamaxı, İsmayıllı, Qəbələ, Cəlilabad, Masallı rayonu və Şəki şəhərində həyata keçiriləcək layihənin əsas məzmununu bölgə gənclərinin fəal iştirakçılığının, liderlik bacarığının, könüllülük və sosial təşəbbüskarlıq potensialının yüksəldilməsi, bu istiqamətdə onlara bilik, bacarıq və təcrübə aşılamaq və onların cəmiyyət həyatında aktiv roluna dəstək verməkdir.
Layihənin digər bir ideyasını isə əhatə olunacaq bu rayonlarda gənclər arasında fəal iştirakçılıq və ictimai liderlik sahəsində problem, imkan və perspektivlərin üzə çıxarılması və bu istiqamətdə aidiyyətli qurumlarla yerli gənclər təşkilatları və gənclərin təşəbbüs qruplarının işgüzar və silsilə əməkdaşlıq və tərəfdaşlığının qurulmasına dəstək verməkdir.
Layihə çərçivəsində adı çəkilən 6 regionda mövzuya dair gənclər arasında sorğu keçirilməsi, hesabat hazırlanması, yerli gənc aktivistlər üçün maarifləndirici seminarların keçirilməsi, nəticələrin təhlili, qiymətləndirilməsi və PR və sosial media fəaliyyətləri təşkil olunacaqdır.
Layihə davamlılıq, gələcək nəticəyönümlü addımlar üçün region gənclərində fəal iştirakçılıq və ictimai liderlik potensialının genişləndirilməsi üçün təklif, tövsiyyə və dayanıqlı fəaliyyət modullarının hazırlanmasını da nəzərdə tutur.



