
Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub
Oktyabrın 18-də Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun həyat və döyüş yoluna həsr olunmuş “Qəhrəmanlığa gedən yol İbad” filminin təqdimat mərasimi baş tutub.
Azermedia. az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, Azərbaycanın milli qəhrəmanları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və filmin yaradıcı heyəti iştirak ediblər.
Milli Qəhrəmanın doğum günündə təqdim olunan ekran əsəri İbad Hüseynovun uşaqlıq dövründən başlayaraq bu günədək keçdiyi həyat yolunu, Vətənə sədaqətini, mübarizə ruhunu və qəhrəmanlıq salnaməsini əks etdirir.
Filmdə İbad Hüseynovun uşaqlıq illərindən etibarən formalaşan cəsarəti, milli dəyərlərə bağlılığı və Vətən sevgisi ön plana çıxarılır. Ekran əsərində onun həyatının müxtəlif mərhələləri, Vətən uğrunda mübarizəsi, üzləşdiyi çətinliklər və bütün maneələrə baxmayaraq nümayiş etdirdiyi iradə və qətiyyət bədii təsvirini tapıb.
Təqdimat mərasimində çıxış edən İbad Hüseynov həyat və döyüş yolunun film vasitəsilə tamaşaçılara çatdırılmasının əhəmiyyətindən danışıb. O, Azərbaycanın qəhrəmanlıq tarixinin qorunmasının, milli-mənəvi dəyərlərin yaşadılmasının və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb.
“Qəhrəmanlığa gedən yol İbad” filmi bir Milli Qəhrəmanın həyat hekayəsini təqdim etməklə yanaşı, Vətənə sevgi, cəsarət, əzm və fədakarlıq kimi ali dəyərləri də təbliğ edir. Ekran əsəri İbad Hüseynovun həyat və mübarizə yolunu gələcək nəsillərə çatdırmaqla yanaşı, gənclərin vətənpərvərlik ruhunda formalaşmasına və Azərbaycanın qəhrəmanlıq ənənələrinin yaşadılmasına xidmət edir.






