
Uşaqların müdafiəsi və ailələrə sosial-psixoloji dəstək: QHT nümayəndələri mediaturda iştirak ediblər
“Uşaqların müdafiəsi yalnız hüquqların qorunması ilə məhdudlaşmır. Bu, həm də onların böyüdüyü ailə mühitinin sağlamlaşdırılması, ehtiyaclarının vaxtında müəyyən edilməsi, problemlərinin dinlənilməsi və hər bir uşağa fərdi yanaşmanın təmin olunması deməkdir”.
QHT.az xəbər verir ki, bu sözləri “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva söyləyib.
Məhz bu istiqamətdə həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olmaq məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələ və Zaqatala rayonlarında fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə mediatur təşkil olunub.
Tədbirdə QHT nümayəndələri, jurnalistlər və sosial media təmsilçiləri iştirak ediblər.
Mediatur çərçivəsində iştirakçılara mərkəzlərin gündəlik fəaliyyəti, uşaqlarla və ailələrlə aparılan işlər, göstərilən sosial-psixoloji dəstək xidmətləri və həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.
Tanışlıq zamanı bir daha aydın oldu ki, uşaqların rifahı üçün görülən işlər yalnız mövcud problemlərin həlli ilə deyil, həmin problemlərin yaranmasının qarşısının alınması ilə də sıx bağlıdır. Ailələrin maarifləndirilməsi, valideyn məsuliyyətinin artırılması, uşaqların ehtiyaclarının vaxtında aşkarlanması və onların sosial mühitə inteqrasiyası bu fəaliyyətin mühüm istiqamətlərindəndir.
Uşaqların Gələcəyi Naminə təşkilatı olaraq hesab edirik ki, uşağın həyatında baş verən hər bir müsbət dəyişiklik, ilk növbədə, ona göstərilən diqqətdən və vaxtında atılan addımdan başlayır. Bəzən bir söhbət, bir düzgün istiqamətləndirmə, bir psixoloji dəstək uşağın gələcək həyatında əhəmiyyətli rol oynaya bilər.
Bu baxımdan, Uşaq və Ailələrə Dəstək Mərkəzləri yalnız xidmət göstərən müəssisələr deyil, həm də uşaqların özlərini güvəndə hiss edə bildikləri, ailələrin dəstək aldığı və sosial problemlərin həlli üçün əməkdaşlıq imkanlarının yarandığı mühüm sosial platformalardır.
Mediaturun digər mühüm tərəfi isə vətəndaş cəmiyyəti və media nümayəndələrinin bu prosesə cəlb edilməsidir. Çünki uşaqların müdafiəsi sahəsində görülən işlərin görünən olması, cəmiyyətə düzgün çatdırılması və müzakirəyə açıq olması daha geniş ictimai dəstəyin formalaşmasına imkan yaradır.
Biz inanırıq ki, dövlət qurumları, QHT-lər, media və yerli icmalar arasında güclü əməkdaşlıq uşaqların hüquqlarının daha effektiv qorunmasına xidmət edir. Bu əməkdaşlıq çərçivəsində hər bir tərəfin üzərinə düşən məsuliyyəti dərk etməsi və ortaq məqsəd ətrafında birləşməsi xüsusilə vacibdir.
Uşaqların Gələcəyi Naminə təşkilatı olaraq uşaqların üstün mənafeyini əsas tutan, ailələrin gücləndirilməsinə və sosial müdafiənin inkişafına yönələn təşəbbüsləri dəstəkləyirik.
Çünki uşaqların gələcəyini qorumaq sadəcə bugünkü problemləri həll etmək deyil, sabah daha güclü, sağlam və təhlükəsiz cəmiyyətin təməlini qoymaqdır.




