
44 günlük Vətən müharibəsi – tarixi ədalətin təntənəsi
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar yalnız təqvimdə əlamətdar tarix kimi deyil, milli yaddaşın, qürurun və gələcəyə inamın rəmzi kimi yaşayır. 8 Noyabr – Zəfər Günü məhz belə müqəddəs tarixlərdəndir. Bu gün Azərbaycan xalqının milli iradəsinin, sarsılmaz birliyinin, qəhrəman övladlarının misilsiz şücaətinin və dövlətimizin gücünün təntənəsidir. Zəfər Günü uzun illər davam edən işğala son qoyulmasının, tarixi ədalətin bərpasının və xalqımızın doğma torpaqlarına qovuşmaq arzusunun gerçəkləşməsinin rəmzidir.
1988-ci ildən etibarən başlayan Qarabağ hadisələri Azərbaycan xalqı üçün ağır sınaqlarla müşayiət olundu. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salındı, yaşayış məntəqələrimiz dağıdıldı, tarixi və mədəni irsimizə ciddi ziyan vuruldu. Bir milyondan çox azərbaycanlı uzun illər qaçqın və məcburi köçkün həyatının ağır məhrumiyyətlərini yaşamağa məcbur oldu. Şəhər və kəndlərimiz viran qoyuldu, milli-mədəni abidələrimiz dağıdıldı, xalqımızın tarixi yaddaşına silinməz yaralar vuruldu. Lakin bütün bu çətinliklər Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizə əzmini qıra bilmədi. İşğal altında olan torpaqlarımızın azad edilməsi müstəqil Azərbaycan dövlətinin ən mühüm strateji hədəfinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət bu tarixi məqsədin reallaşdırılması üçün möhkəm siyasi, iqtisadi və hərbi əsaslar yaratdı. Dövlət başçısının qeyd etdiyi kimi: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”. Bu fikirlər Azərbaycanın Zəfərə gedən yolunun təsadüfi deyil, uzunmüddətli dövlət strategiyasının nəticəsi olduğunu aydın şəkildə ifadə edir.
Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımların mərkəzində güclü dövlət və müasir ordu quruculuğu dayanırdı. Prezident İlham Əliyev tərəfindən ordu quruculuğu dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edilmiş, bu sahəyə ayrılan maliyyə vəsaitləri ildən-ilə artırılmışdır. Silahlı Qüvvələrin maddi-texniki bazası möhkəmləndirilmiş, hərbi qulluqçuların döyüş hazırlığı yüksəldilmiş, müasir silah və texnologiyaların alınmasına xüsusi diqqət yetirilmişdir. Azərbaycanın hərbi sənaye kompleksinin yaradılması və inkişafı da milli təhlükəsizlik strategiyasının mühüm tərkib hissəsinə çevrildi. Ölkəmizdə müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar və digər hərbi təyinatlı məhsullar istehsal olunmağa başladı. Minlərlə deyil, mindən çox çeşiddə hərbi təyinatlı məhsulun istehsal edilməsi Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsini nümayiş etdirir. Bütün bunlarla yanaşı, Azərbaycan müstəqil xarici siyasət yürüdərək beynəlxalq mövqelərini gücləndirdi. Transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi ölkəmizin regional və beynəlxalq əhəmiyyətini artırdı. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər strateji layihələr Azərbaycanın iqtisadi qüdrətini möhkəmləndirməklə yanaşı, beynəlxalq tərəfdaşlarının sayının artmasına da şərait yaratdı. Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün uzun illər beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi qəbul edilsə də, onların icrası təmin olunmadı. ATƏT-in Minsk qrupunun uzun illər davam edən fəaliyyəti də münaqişənin həllinə gətirib çıxarmadı. Azərbaycan həm diplomatik müstəvidə öz haqlı mövqeyini müdafiə etdi, həm də ərazi bütövlüyünü təmin etmək üçün güclü hərbi potensial formalaşdırdı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi xalqımızın təxminən 30 il davam edən torpaq həsrətinə son qoyan tarixi prosesin başlanğıcı oldu. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın hərbi qüdrətini, ordumuzun peşəkarlığını və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq göstərərək şəhər və kəndlərimizi, strateji yüksəklikləri bir-birinin ardınca işğaldan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələrinin azad olunması ilə başlayan qələbə yürüşü noyabrın 8-də Şuşanın azad edilməsi ilə özünün ən möhtəşəm mərhələsinə çatdı. Şuşa Zəfəri Azərbaycanın hərbi tarixində xüsusi yer tutmaqla yanaşı, xalqımızın mənəvi gücünün və milli ruhunun təntənəsinə çevrildi. 44 günlük müharibə ərzində Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi azad etdi. Noyabrın 9-dək əldə edilən hərbi uğurlar Ermənistanı kapitulyasiyaya məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.” Bu qələbə yalnız hərbi əməliyyatların nəticəsi deyildi. Bu, Azərbaycan dövlətinin uzun illər ərzində apardığı siyasətin, ordumuzun yüksək döyüş qabiliyyətinin, xalqımızın birliyinin və milli iradəsinin məntiqi nəticəsi idi.
Vətən müharibəsinin ən mühüm xüsusiyyətlərindən biri Azərbaycan cəmiyyətində formalaşan misilsiz həmrəylik idi. Müharibə dövründə siyasi baxışından, sosial vəziyyətindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin vətəndaşları vahid məqsəd ətrafında birləşdilər. Cəbhədə Azərbaycan əsgəri torpaqlarımızın azadlığı uğrunda döyüşür, arxa cəbhədə isə milyonlarla insan ordumuza mənəvi dəstək göstərirdi. Xaricdə yaşayan azərbaycanlılar da informasiya müharibəsində fəal iştirak edir, ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətə çatdırırdılar. Prezident İlham Əliyevin müharibə dövründə dünyanın aparıcı media qurumlarına verdiyi 30-dan çox müsahibə Azərbaycanın informasiya mübarizəsində mövqelərinin güclənməsinə mühüm töhfə verdi. Dövlət başçısı beynəlxalq ictimaiyyətə münaqişənin tarixi səbəblərini, Ermənistanın təxribatlarını və Azərbaycanın haqlı mövqeyini ardıcıl şəkildə çatdırdı. “Dəmir yumruq” məhz bu milli birliyin, dövlət-xalq-ordu həmrəyliyinin rəmzinə çevrildi. Müharibə dövründə xalqımız nümayiş etdirdi ki, milli maraqlar və Vətən məsələsi qarşısında bütün fərqlər ikinci dərəcəlidir.
2020-ci ildə əldə edilmiş tarixi Qələbə Azərbaycanın qarşısında yeni mərhələnin başlanğıcını qoydu. 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərində bərpa edildi. Sentyabrın 20-də əməliyyatın dayandırılması barədə razılıq əldə olundu, oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltdı. Bununla da Azərbaycanın dövlət suverenliyinin tam təmin edilməsi istiqamətində tarixi mərhələ başa çatdı. 2024-cü ildə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi bu tarixi hadisənin dövlətçilik yaddaşımızda əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində əbədi yaşayacaq. Bu tarix bizə xatırladır ki, milli birlik, güclü dövlətçilik, qətiyyətli siyasət və qüdrətli ordu bir araya gəldikdə ən mürəkkəb tarixi vəzifələr belə yerinə yetirilə bilər. Zəfərimiz mübarizəmizin, şəhidlərimizin müqəddəs qanının, qazilərimizin qəhrəmanlığının və xalqımızın sarsılmaz iradəsinin nəticəsidir. Bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyi olan 8 Noyabr həm də gələcək nəsillərə ötürüləcək milli yaddaş və dövlətçilik dərsidir.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu






