
Üçrəngli bayrağımız, müstəqil Azərbaycanın dünyaya açılan qürur rəmzi
Azərbaycan bayrağına baxanda insan yalnız üç rəng görmür. O rənglərdə bir xalqın tarixi, milli kimliyi, mənəvi dəyərləri, inkişaf arzusu və müstəqil gələcəyə inamı yaşayır. Mavi, qırmızı və yaşıl rənglərin ahəngində Azərbaycan xalqının ruhu, dövlətimizin qüdrəti və milli birliyimizin əzəməti əks olunur.
Bu gün üçrəngli bayrağımız dünyanın müxtəlif ölkələrində, beynəlxalq tədbirlərdə, idman arenalarında və mötəbər platformalarda qürurla dalğalanır. Xəzər dənizinin sahilində ucalan nəhəng Azərbaycan bayrağı isə müstəqilliyimizin, dövlətçilik iradəmizin və milli qürurumuzun möhtəşəm ifadəsidir.
Bayrağın ucalığı, əslində, dövlətin gücünün göstəricisidir. Bu gücün formalaşmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin xüsusi yeri vardır. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi, siyasi, hərbi və diplomatik sahələrdə mühüm nailiyyətlər əldə edərək regionun aparıcı dövlətlərindən birinə çevrilib.
Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası, Qarabağda üçrəngli bayrağımızın yenidən dalğalanması dövlətçilik tariximizin ən mühüm hadisələrindəndir. Bu gün Şuşada, Xankəndidə və azad edilmiş digər torpaqlarımızda dalğalanan bayrağımız güclü dövlətin, qətiyyətli liderliyin və xalq-iqtidar birliyinin rəmzidir.
Prezident İlham Əliyevin siyasətinin mühüm istiqamətlərindən biri də Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, milli maraqlarının qətiyyətlə müdafiəsi və ölkəmizin gələcək inkişafının təmin edilməsidir. Azərbaycan bu gün yalnız öz regionunda deyil, beynəlxalq münasibətlər sistemində də söz sahibi olan dövlət kimi tanınır.
Mən inanıram ki, bayrağımızın əzəməti yalnız onun ucaldığı dirəklə deyil, arxasında dayanan dövlətin gücü, xalqın birliyi və gələcəyə inamı ilə ölçülür.
“Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyi olaraq gənc nəslin dövlətçilik ruhunda, milli dəyərlərə hörmət və Vətənə sevgi prinsipləri əsasında yetişməsini mühüm vəzifəmiz hesab edirik.
Bu gün Azərbaycan bayrağı qürurla dalğalanır. Sabah isə bu bayrağı daha yüksəklərə qaldıracaq savadlı, vətənpərvər və müasir düşüncəli gənclərimiz olacaq.
“Bayrağımız uca, dövlətimiz qüdrətli, müstəqilliyimiz əbədi olsun!
Yaşasın Azərbaycan! Yaşasın müstəqil Azərbaycanın üçrəngli bayrağı!”
Müəllif: Hicran Əliməmmədova
“Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyinin sədri




