BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Bəy qızı olan nənəm kürsü üzərində tikilən ikimərtəbəli rayon evindən yataqxananın birotaqlı zirzəmisinə yıxılanda bir də onda özünə gəldi ki, əmim döyüşlərdə başından ağır yaralanıb, Arazdan İrana qaçıb qurtulmaq istəyərkən ərinin motaskletində qəzaya düşən böyük bibim 19 il əlil arabasında yaşayandan sonra ölüb, babam nisgilin qoynunda əbədi torpağın altına girib.

Nənəm onda ayıldı ki, ölüm onu aparmağa gəlmişdi. Hökumətin ayırdığı Masazırdakı binanın 3 otaqlı evində nəinki tək-tənha yaşayırdı, həm də qonaq qarşılayıb, qonaq yola salacaq əzimdə, gücdə, başarışıqda idi.

Bolşeviklərin qolçomaq damğasına tuş gələn ailənin ən kiçik qızı olasan, ata SSRİ müharibəsində itkin düşə, gələcək ər Leninqradın mühasirəsi zamanı don vurmuş əl və ayaq barmaqlarının hər birini itirə, doğulduğun, böyüdüyün yurdundan 20 nəfərlik ailə üzvlərinlə birgə qaçqın düşəsən, 3 uşağı olan şikəst qızına19 il zirzəmi şəraitində əl olasan, ayaq olasan, baş olasan və 83 yaşına gəlib çatasan, dözəsən, ürəyin partlamaya, ölməyəsən. Yaşayasan, yaşayasan, son gününə qədər çökməyəsən. Hələ üstəlik, nəvəni hər görəndə soruşasan: “Sənin adına saxladığım ala dananın səsini eşidirsən”. Əlbəttə “yox” cavabına məhəl qoymadan, “mən çox aydın eşidirəm, çıxanda qaça-qaça düşdük, suyunu verə bilmədim, yazıq mouladaya-mouldaya qalıb”.

Qorxmuşdum, elə bilmişdim arvad havalanıb. “Ala dana” söhbətini nə vaxt eşidirdim, Salamın “başıma gələn havadır, sümüyümə düşən hava” misrasını xatırlayırdım. Oğrun-oğrun güdürdüm ki, nənəm də əl qaldırıb otaqdan otağa süzəcək. Dərd adamı qanadlandırır axı.

Olmadı, anormal hadisələrin heç biri baş vermədi, təkcə bu arvadın hələ də yaşamasından başqa. Normal deyildi.

Nədir bu bədbəxtlər bədbəxti qadını həyatda saxlayan? Elə bilirsiz soruşmadım, lap həyasızcasına soruşdum. Sualımdan özüm də diksindim. Onun sözlərimi sakit qarşılamasına tab gətirə bilməyib, şah damarları Zəngilan yollarına, kapilyarları o yolların kənarlarındakı çinarlara bənzəyən əllərini qucaqlayıb kişi kimi ağladım. Nəvəsi kişi yaşına çatan nənə, hətta dərdin bir ucunu ürəyinə, bir ucunu beyninə çalayaraq 5 yaşınadan – 78 ildir hisslərin cərəyanını bütün nöqtələrinə keçirə-keçirə yaşayan nənə hələ sağdırsa, burada dünyanın səkkizinci möcüzəsinin tuşlandığı sirr var.

- Ölə bilmirsən? – qəfil verdim bu sualı

- Hardan bildin? – tövrünü pozmadan soruşdu

- Ala dananın səni axtara-axtara qalmasından – kinayə ilə demədim.

- Axırı ki, sən də səsini eşitdin… – sevinclə dilləndi

Ona yalan danışdım. Eşitdiyimi dedim. Niyə ölə bilmədiyinin səbəbi məlum olurdu: 91-ci ilin yay tətilinin sonunda Bakıya geri dönəndə ciddi-ciddi “ver danamı da özümlə aparım” demişdim. Nənəm heyvanın heç olmasa iki il böyüməsinin vacib olduğunu bildirmişdi.

Masazırdakı Zəngilan söhbətimizin nidasını özü qoydu:

-… Ölmək olmaz. Gedəcəm, qayıdacağıq. Yox, havalanmamışam. Bütün dərdlərimin mələrtisini ala dananın moultusu batırıb həmişə. O səs məni ölməyə qoymur. Nənələr nəvələrinə borclu qalanda ölüm utandığından ölüb yerə girir, bala.

Nənəm gecələr yatmağa qorxardı ki, birdən durmaz, Zəngilan yox, Mehdiabad qəbiristanlığında dəfn olunar. Yenə Salam: “Tutdum yıxılmağa qorxduğum yerdən”. Yer aralandı, mələk arvadı götürüb apardı. Mələyə bax, Zəngilanın qayıdacağına inanmadı. Mələyə bax, nənəmə uduzdu. Nənəm geri dönəcəyinə əmin idi. Bir xəbəri buraxmazdı. Deyirdi: “Bala, əgər bir məmləkətin padşahnın sözünün əvvəli də Qarabağ, ortası, sonu da Qarabağdırsa kainat bu mesajı özümüzə qaytaracaq. Bircə ölüm ermənilik etməyə…

Etdi. Ölüm oluma uduzdu. Mələklərin əli üzündə qaldı. 20 oktyabr 2020-ci il. Mehdiabad qəbiristanlığındakı Səttarova Simuzərlə, Səttarov Əlinin bir baş daşına bağlı qoşa qəbrindən ətrafa nur səpilir. Nənəm başında örpək, əynində həyət yaxalığı, ayağında qaloş, əlində tut ağacının şivi qarşısına ala dananı salıb tələsə-tələsə doqqaza yaxınlaşır. Məni görüb verəcəyim sualı gözlərimdən oxuyur:

- Hə, tələsirəm ay bala, Prezident rayona gəlib, raykomun qarşısında camaatla görüşür. Gedib boynunu qucaqlayıb əllərindən öpəcəm. Deyəcəm ki, böyük insan, sən mələkdən güclü çıxdın. Məni nəvəmin xəcalətindən qurtardın. Bu gündə ora gedə bilmərəm. Təşər paltarım var, özüm tikmişdim, rəngi al olduğuna görə “qaçqına qırmızı yaraşmaz” deyib heç geyinmədim.

- Təzə ayaqqabın var? – qaloşa işarə ilə dedim.

- Var, var. Qaçqınlıqda əminin toyu oldu, bircə dəfə ora geyindim, heç ürəyimcə olmadı, ayağımı bərbad günə qoydu, neçə gün axsadım – cavabını verdi.

Nə axsamaq, bəstəboy arvad uça-uça raykoma doğru sürət götürmüşdü. Qırmızı paltarda, qara ayaqqabıda, ağ örpəkdə bəstəboy qadın. Prezident bu cazibəyə özü yaxınlaşdı. Nənəmin onun əlindən öpməsinə imkan verməyib, özü arvadın başından öpdü.

Bu da Azərbaycan Prezidentinin növbəti möcüzə davranışı. Nənəmin təşəkküründən öncə özü arvada minnətdarlıq edərək dedi:

- O dünyada belə, Zəngilann işğaldan azad ediləcəyinə inandığınıza, o günü gözlədiyinizə görə Azərbaycan analarının simasında Sizin sevginizə əhsən!

Simuzər arvad çöhrəsində təbəssüm, gözlərindən gildir-gildir yaş axıdırdı.

Ceyhun Musaoğlu

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər