BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. 2022-ci ilin fevralın 20-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Bu müddət ərzində Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edib.Bu baxımdan dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan dövlətlərdən biri kimi Almaniya ilə qarşılılı hörmət və qarşılılı faydalılıq prinsipi əsasında əməkdaşlığımızın davamlı olaraq inkişaf etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir.

Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. XIX əsrdə bir qrup alman ailə Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə verib. Azərbaycanda ilk alman koloniyası Yelenendorf Gəncədən 7-8 kilometr aralıda, Xanarxlar deyilən kənddə (indiki Göygöl şəhəri) salınıb. Sonradan isə Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir torpaqlarında Annenfeld adlı ikinci koloniya yaradılıb. Sonradan isə almanlar bu ərazilərdə yayılaraq Gəncə və Qazax qəzalarında Georqsfeld (Şəmkirin Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld (Ağstafanın Həsənsu kəndi), Ayxenfeld (Şəmkirin İrmaşlı kəndi), Traubenfeld (Tovuz şəhəri) və Yelizavetinka (Ağstafa şəhəri) kimi yeni koloniyalar yaradıblar.

Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli azlıq fraksiyasının 4 üzvündən biri alman əsilli Lorentz Kuntz olub. O, Azərbaycandakı alman icmasını təmsil edib. İndi də Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.

Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli dialoq mövcuddur.  Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfəri Almaniya və Azərbaycanın əlaqələri genişləndirmək və dərinləşdirmək sahəsində birgə səylərin əməli addıma çevrilmiş əyani nümunəsi kimi mühüm əhəmiyyət kəsb edir.Səfər çərçivəsində iki prezident arasında təkbətək və geniş tərkibdə görüşlər olub.İki ölkə arasında əlaqələrin inkişaf perspektivləri barədə çox geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar.Əsas müzakirə Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı əldə olunan nəticələrin reallaşdırılması imkanlarına köklənib.Bununla yanaşı aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bir sıra məsələlər, Orta Dəhliz layihəsi və bu layihədə Azərbaycanın rolu,ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, yaşıl enerji ilə bağlı əməkdaşlığa, humanitar əlaqələrin inkişafına toxunulub. Azərbaycan Prezidenti cənab  İlham Əliyev bildirib ki,”bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur.Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində – harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var.Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir….Bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir.Səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir.”

Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir. Qeyd edək ki, Almaniya Prezidentinin Azərbaycana səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.

İqtisadiyyat sahəsinə gəldikdə, Azərbaycanla Almaniya arasında əlaqələr kifayət qədər inkişaf edib. Ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. 2022-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Həmin il Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 591,3 milyon ABŞ dolları olub. Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər.

İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi Azərbaycan təbii qazını İtaliyadakı qəbul nöqtəsi vasitəsilə Avropa İttifaqının bazarına çatdırır. “Uniper” şirkəti Avropa bazarında təbii qazın əsas alıcılarından biridir. Bu, şirkətin ən uzunmüddətli qaz alışı layihəsidir (2020-2045). Bu günə qədər “Azərbaycan Qaz Təchizatı” şirkəti tərəfindən “Uniper”ə 3,1 milyard kubmetr qaz təchiz olunub. Bundan əlavə, ötən il SOCAR tərəfindən Almaniya istiqamətində 1,764,5 min ton xam neft ixrac edilib.

Azərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Almaniyanın “Berlin Wind” şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkında yenidənqurma işləri aparılıb və 2018-ci il oktyabrın 11-də parkın açılışı olub. Ölkələrimiz arasında səhiyyə sahəsində də əməkdaşlıq genişlənir. 2008-2016-cı illərdə tibbin prioritet sahələri üzrə 300-ə yaxın azərbaycanlı tibb mütəxəssisi Almaniyada təkmilləşmə kurslarına göndərilib. Bu gün də Almaniyada tibb sahəsində təhsil alan tələbələrin sayı kifayət qədərdir. Azərbaycan və Almaniya arasında müqavilə-hüquq bazası olduqca genişdir. Bu sahədə indiyədək 77 sənəd imzalanıb və 7 sənəd layihəsi baxılmaqdadır.

İki ölkə arasında humanitar əlaqələrin inkişafından danışarkən qeyd etmək olar ki, Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində 900-dən çox azərbaycanlı tələbə Almaniyada təhsil alıb. Eləcə də Alman Akademik Mübadilə Xidmətinin (DAAD) məlumatına görə, hazırda iki min nəfərə qədər Azərbaycan vətəndaşı Almaniyada təhsil alır. Onlardan 75-i DAAD təqaüdçüsüdür (magistratura və doktorantura səviyyələri üzrə).

Bütün bunlarla yanaşı, ölkəmizdə alman dilinə böyük maraq var. Belə ki, alman dili ölkəmizdə bir sıra orta və ali təhsil müəssisələrində tədris olunur. 2018-ci ildə açılmış Bakı Qöte Mərkəzi alman dilinin tədrisinə mühüm töhfə verir.

Azərbaycan Almaniya şəhərləri ilə də əməkdaşlıq əlaqələrinin qurulmasına maraq göstərir. Belə ki, Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri “qardaşlaşıblar”. Bütün bunları nəzərə alaraq əminlikdə demək olar ki, bu səfər zamanı keçirilən görüşlər, aparılan danışıqlar nəticəsində Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaranacaqdır.

Akif RƏFİYEV

Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər