BAKU Azərbaycan
36.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Rəşad Məmmədov: "Son illərdə Azərbaycanın və Özbəkistanın qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq nəzərəçarpacaq dərəcədə fəallaşıb"

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov “Dünya Xəbər Agentliyi”nə müsahibə verib. Müsahibəni təqdim edirik.

– Cənab səfir, ali və yüksək səviyyəli təmasların dinamikasını necə qiymətləndirirsiniz və Özbəkistanla Azərbaycan arasındakı müttəfiqlik münasibətləri ikitərəfli əməkdaşlığın praktiki məzmununda hansı şəkildə təzahür edir?

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət səfəri son bir neçə ildə Özbəkistanla Azərbaycan arasında ali səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin sayına görə on beşinci səfərdir. Təkcə bu fakt Özbəkistanın Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Ortaq ənənələrimiz, mədəniyyətimiz, dəyərlərimiz, üst-üstə düşən maraqlarımız və gələcəyə dair strateji planlarımız münasibətlərimizi məhz belə yüksək səviyyədə, yəni müttəfiqlik səviyyəsində qurmağımızı zəruri edir.

Dövlətlərimiz arasında iqtisadiyyat, investisiya, ticarət, elm, mədəniyyət, təhsil və rəqəmsallaşma sahələri də daxil olmaqla, bütün istiqamətlərdə əlaqələr inkişaf edir. Nəqliyyat, logistika və daşımalar da əməkdaşlığın mühüm istiqamətlərindəndir. Bu sahələr dövlətlərimiz arasında qarşılıqlı faydalı münasibətlərin genişlənməsinə töhfə verir.

İki ölkənin iqtisadiyyatları bir çox baxımdan bir-birini tamamlayır. Azərbaycan müstəqillik illərində nəqliyyat-logistika layihələrinə böyük həcmdə investisiyalar yatırıb. Hazırda yaradılmış imkanlar Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistan üçün yeni perspektivlər açır.

Özbək xalqı mənəvi baxımdan xalqımıza çox yaxındır. Musiqi ənənələrimiz böyük oxşarlıq təşkil edir, dillərimiz bir-birinə yaxındır və insanlar ünsiyyət zamanı qarşılıqlı anlaşa bilirlər. Bütün bunlar xalqlarımız tərəfindən münasibətlərin daha da inkişaf etdirilməsinə yönəlmiş müəyyən ictimai tələbatın formalaşmasına şərait yaradır.

Bundan əlavə, Özbəkistan iqtisadi inkişaf sürətinə və əhalisinin sayındakı artıma görə Mərkəzi Asiyada aparıcı mövqelərdən birini tutur. Beynəlxalq reytinq agentliklərinin proqnozları da bunu təsdiqləyir. Azərbaycan isə, öz növbəsində, Qafqazın aparıcı dövlətlərindən biridir. Hesab edirəm ki, iki dövlət arasında əməkdaşlıq və özünəməxsus qarşılıqlı tamamlanma ölkələrimizin gələcək inkişafına mühüm təkan verəcək, regionun digər dövlətləri üçün yeni imkanlar yaradacaq, həmçinin Azərbaycanın və Özbəkistanın siyasi çəkisini, Avropa və Asiya dövlətləri üçün beynəlxalq əhəmiyyətini artıracaq.

Azərbaycan və Özbəkistan güclü dövlətlərdir. Azərbaycanın ərazi baxımından çox böyük dövlət olduğunu söyləyə bilmərəm: biz kompakt ölkəyik. Lakin dövlətin gücü onun ərazisinin böyüklüyü və əhalisinin sayı ilə deyil, beynəlxalq münasibətlərdəki təsiri, öz təhlükəsizliyini, ərazi bütövlüyünü və suverenliyini təmin etmək, eləcə də qonşuları və beynəlxalq birliyin digər üzvləri ilə qarşılıqlı faydalı münasibətlər qurmaq bacarığı ilə ölçülür.

Hazırda Azərbaycan əhəmiyyətli maliyyə imkanlarına malikdir və Avropa, Asiya, Amerika, eləcə də Afrikanın böyük dövlətləri ilə qarşılıqlı faydalı iqtisadi əlaqələr qurub.

Özbəkistan da öz gücü hesabına inkişaf etmiş, özünütəminetmə imkanlarına malik ölkədir. Özbək xalqı bu gün uğurla inkişaf edən öz dövlətini qurub. 2016-cı ildən etibarən Özbəkistanın inkişaf tarixində yeni səhifə açılıb. Ölkə bütün dünyaya, o cümlədən Azərbaycana açılıb.

Məhz Özbəkistanın hörmətli Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi dövründə ölkə həqiqətən yüksək sürətlə inkişaf etməyə, dövlət idarəçiliyini iqtisadiyyat, siyasət, humanitar sahə, təhsil, səhiyyə və sosial təminat da daxil olmaqla bütün istiqamətlər üzrə müasirləşdirməyə başlayıb. Bu, asan proses deyil, lakin siz buna nail olmusunuz.

Özbəkistan xarici investisiyalar üçün cəlbedici ölkəyə çevrilib. Dünyanın müxtəlif dövlətlərindən, o cümlədən Azərbaycandan investorlar ölkə iqtisadiyyatına sərmayə yatırmaq məqsədilə buraya böyük maraqla gəlirlər. Prezidentlərimiz arasındakı şəxsi dostluq münasibətləri investorlar üçün siyasi təminat rolunu oynayır. Dövlət başçılarımız bir-birlərinə çox yaxındırlar və ölkələrimiz arasındakı münasibətlərin ümumi istiqamətini müəyyənləşdirirlər.

 

– Ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə genişlənir. Sizcə, qarşılıqlı ticarətin artırılması baxımından hansı istiqamətlər daha böyük potensiala malikdir?

– Ölkələrimizin malik olduğu təbii ehtiyatların istifadəsindən sənaye məhsullarının istehsalınadək iqtisadiyyatın bütün sahələrini inkişaf etdiririk. Prezidentlər tərəfindən 2030-cu ilə qədər dövlətlərimiz arasında ticarət dövriyyəsinin bir milyard ABŞ dollarına çatdırılması vəzifəsi müəyyənləşdirilib. Hesab edirəm ki, bu vəzifə yerinə yetiriləcək. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bütün imkanlarımız mövcuddur.

Azərbaycan və Özbəkistan öz iqtisadiyyatlarında və ədliyyə sistemlərində yüksək sürətlə islahatlar həyata keçirir, xarici investisiyaların cəlb olunması üçün əlverişli şərait yaradırlar. 2024-cü ildə həmçinin 500 milyon ABŞ dolları kapitala malik birgə fond yaradılıb. Fond həm Özbəkistan, həm də Azərbaycan ərazisində yeni layihələrə investisiya yatırmaq üçün müvafiq maliyyə imkanlarına malikdir. O, uğurla fəaliyyət göstərir və artıq müxtəlif istiqamətlər üzrə bir sıra layihələrin maliyyələşdirilməsi və həyata keçirilməsi təmin olunub. Bu fəaliyyət gələcəkdə də davam etdiriləcək.

Ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı, nəqliyyat və logistika sahələrinin inkişafı əməkdaşlığımızın əsas istiqamətlərindən biri olmalıdır. Özbəkistanın coğrafi mövqeyi o qədər əhəmiyyətlidir ki, Cənub-Şərqi Asiyadan Avropaya uzanan Orta Dəhlizin ikinci marşrutunu reallaşdırmaq imkanına malikik.

Birinci marşrut Çin və Qazaxıstan ərazisindən, Xəzər dənizində yerləşən Aktau və Kurık limanlarından, daha sonra Azərbaycandan keçərək Qara dəniz və Türkiyə istiqamətində uzanır. İkinci marşrutun isə Özbəkistanla birgə həyata keçirilməsi mümkündür. Həmin xətt Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan marşrutu üzrə Türkmənistan limanlarından keçərək Bakıdakı Ələt limanına, oradan isə Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Qara dəniz limanlarına və Türkiyəyə istiqamətlənə bilər.

Digər variant isə TRIPP layihəsi həyata keçirildikdən sonra Zəngəzur dəhlizindən istifadə edilməsidir: Bakıdakı Ələt limanı–Ermənistan–TRIPP dəhlizi–Azərbaycanın Naxçıvan Muxtar Respublikası–Türkiyənin İğdır və Qars şəhərləri. Beləliklə, nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi təmin olunacaq.

Özbəkistan böyük satış bazarına və sayı 40 milyona yaxınlaşan əhaliyə malik iri dövlətdir. Sovet İttifaqının dağılması və müstəqilliyin əldə edilməsi dövründə Özbəkistanın əhalisi təxminən 20 milyon nəfər idi, hazırda isə bu göstərici 38 milyonu ötüb. Həmin dövrdə Azərbaycanın əhalisi təxminən 7,5 milyon nəfər təşkil edirdi, indi isə 10,5 milyondan çoxdur.

Mərkəzi Asiyadakı digər dost və qardaş dövlətlərimizlə yanaşı, Azərbaycan və Özbəkistanın əhalisi də ölkələrimizdə istehsal edilən məhsulların satışı üçün əlverişli bazar təşkil edir. Buna görə də ticarət əlaqələri daha da inkişaf etdirilməlidir.

İqtisadi əməkdaşlığın digər mühüm istiqaməti energetikadır. “Özbəkneftqaz”la birgə şirkət, habelə Azərbaycanın və Özbəkistanın neft-qaz sahəsində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının iştirakı ilə daha bir şirkət yaradılıb. Həmin şirkətlər Özbəkistan ərazisində yerləşən qaz və neft yataqlarının geoloji kəşfiyyatı və işlənilməsi ilə məşğuldurlar. Ümid edirik ki, bu fəaliyyət uğurla davam etdiriləcək və müsbət nəticələr verəcək.

Daha bir əməkdaşlıq istiqaməti bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalı, nəqli və Avropanın yüksək dəyərli bazarına ixracıdır. Qazaxıstan, Azərbaycan və Özbəkistan elektrik enerjisinin Xəzər dənizinin dibi ilə çəkiləcək xüsusi kabel vasitəsilə Azərbaycana, oradan isə Türkiyəyə və ya Qara dəniz istiqamətindən Avropa bazarına ötürülməsinə dair müvafiq sazişi artıq imzalayıblar.

Hesab edirik ki, Qazaxıstan, Azərbaycan və Özbəkistan bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı üçün geniş imkanlara malikdirlər. Avropa ölkələri bizə etimad göstərir və bu cür layihələrin həyata keçirilməsində maraqlıdırlar. Əminəm ki, birgə səylərimiz nəticəsində gələcəkdə yeni irimiqyaslı layihələr reallaşdırılacaq.

 

– Özbəkistanla Azərbaycanı yalnız siyasi və iqtisadi maraqlar deyil, həm də dərin tarixi və mədəni əlaqələr birləşdirir. Qarşıdakı illərdə mədəniyyət və humanitar əməkdaşlıq sahəsində hansı layihələrin həyata keçirilməsi nəzərdə tutulur?

– Bildiyiniz kimi, Daşkənddə ölkəmizin səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Mərkəz olduqca mühüm və nəcib fəaliyyətlər həyata keçirir: konsertlər, konfranslar, festivallar, sərgilər və müxtəlif kurslar təşkil edir. Burada Azərbaycan dili kursları ilə yanaşı, “Xarıbülbül” Teatr Truppası, “Qarabağ Zəfəri” Rəqs Ansamblı və rəsm dərnəyi fəaliyyət göstərir.

Hesab edirəm ki, mədəni əlaqələrin inkişaf etdirilməsi son dərəcə vacibdir. Bundan əlavə, biz bu əlaqələri yalnız inkişaf etdirmirik, həm də ortaq mədəniyyətimizin unudulmasına imkan vermirik. Müsahibəmizin əvvəlində qeyd etdiyim kimi, biz eyni babanın nəvələriyik. Bir-birimizə çox bənzəyirik. Ortaq dəyərlərimiz, oxşar ailə ənənələrimiz və həyat tərzimiz var. Bütün bunların qorunub saxlanılması olduqca əhəmiyyətlidir.

Biz bir çox Avropa ölkələrində mədəniyyətin hələ yüksək inkişaf səviyyəsinə çatmadığı dövrlərdə burada tibb, poeziya, ədəbiyyat, şəhərsalma və memarlığı inkişaf etdirən insanların nəsilləriyik. Bu irsi unutmamışıq və onu nəsildən-nəslə ötürürük.

Azərbaycanda özbək musiqisini böyük məmnuniyyətlə dinləyirik. Ölkəmizdə Özbəkistan Mədəniyyəti Günləri böyük uğurla keçirilir. İnsanlar bu mədəniyyəti özlərinə yaxın və doğma hesab edir, onda özlərini tanıyır və mənəvi baxımdan onlara yaxın olan musiqini dinləyirlər.

Xalqlarımız mədəni baxımdan yaxın olsalar, azərbaycanlılar özbək mədəniyyətini, adət-ənənələrini və həyat tərzini özlərininki kimi qəbul etsələr, bizim üçün Özbəkistanın əhalisi 38 milyon deyil, 48,5 milyon nəfər olacaq: buna Azərbaycanda yaşayan 10 milyondan çox azərbaycanlı da əlavə ediləcək. Eyni yanaşma Azərbaycana da aiddir: biz 10,5 milyon deyil, özbək qardaşlarımızla birlikdə 48,5 milyon nəfər olacağıq.

Bildiyiniz kimi, Bakının mərkəzində beş hektar ərazini əhatə edəcək “Özbəkistan” parkının inşası üçün artıq təməl kapsulu qoyulub. Bu, olduqca əhəmiyyətli təşəbbüsdür. Hər gün həmin parkı ziyarət edən insanlar məcazi mənada Özbəkistanda olmuş kimi hiss edəcək, onun ab-havasını duyacaqlar. Orada restoranlar, kafelər, eləcə də Özbəkistanı xatırladan bütün elementlər — milli mətbəx, mədəniyyət və musiqi təqdim ediləcək.

Öz növbəsində, Özbəkistanda da analoji Azərbaycan parkının açılması gözlənilir. Beləliklə, ölkə sakinləri bu parkı ziyarət etməklə Azərbaycanın zəngin mədəniyyətini, milli ruhunu və özünəməxsus ab-havasını yaxından hiss edərək, məcazi mənada özlərini Azərbaycanda hiss edə biləcəklər.

Çoxsaylı birgə layihələr həyata keçirilir. Son illərdə Azərbaycanın və Özbəkistanın qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq nəzərəçarpacaq dərəcədə fəallaşıb. Onlar birgə layihələr reallaşdırırlar: tədbirlərin bir hissəsi Azərbaycanda, digər hissəsi isə Özbəkistanda təşkil olunur.

Özbək yazıçılarının çoxsaylı əsərləri Azərbaycan dilinə tərcümə edilib. Azərbaycan yazıçı və şairlərinin əsərləri isə, öz növbəsində, özbək dilinə çevrilir.

Azərbaycana çoxsaylı səfərlər təşkil edəcəyik ki, özbək qardaşlarımız — kütləvi informasiya vasitələrinin əməkdaşları, müəllimlər, ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, ali təhsil müəssisələrinin əməkdaşları, politoloji dairələrin təmsilçiləri və digər sahələrin mütəxəssisləri öz ikinci ölkələrini şəxsən görə, azərbaycanlı həmkarları ilə əlaqələr qura, Azərbaycanla yaxından tanış ola, milli mətbəximizin ləziz təamlarını dada, Azərbaycan musiqisini dinləyə və daha sonra vətənlərinə qayıda bilsinlər.

Təbii ki, Azərbaycandan Özbəkistana da qarşılıqlı səfərlər təşkil olunacaq.

 

– Ötən ilin noyabrında Daşkənddə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycanın Məşvərət görüşləri formatına tamhüquqlu iştirakçı qismində qoşulması barədə qərarı dəstəkləyiblər. Bu qərarın əhəmiyyətini necə qiymətləndirirsiniz və Azərbaycan tərəfi, o cümlədən Özbəkistanla əməkdaşlığın gələcək inkişafı baxımından, həmin qərara hansı praktiki əhəmiyyəti verir?

– C5 formatı olduqca maraqlıdır. Mərkəzi Asiya dövlətləri Azərbaycan üçün bütün istiqamətlərdə — ticarət-iqtisadi, mədəni və tarixi baxımdan böyük əhəmiyyət daşıyır.

Əgər kimsə Xəzər dənizinin bizi bir-birimizdən ayırdığını düşünürsə, mən bunun əksini söyləyərdim: Xəzər dənizi bizi birləşdirir. O, hətta ölkələrimiz arasında tikanlı məftillərin çəkilməsinə belə imkan vermir. Müasir texnologiyalar, Xəzərdə malik olduğumuz imkanlar və Xəzər dəniz ticarət donanması elə şərait yaradır ki, heç kim aramızda dənizin mövcudluğunu hiss etmir. Bu, əksinə, ölkələrimizi birləşdirən kiçik dənizdir.

Bu mənada Azərbaycan, şübhəsiz ki, Mərkəzi Asiya məkanının bir hissəsi və Mərkəzi Asiyanın Avropaya açılan qapısıdır. Orta Dəhliz, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Qazaxıstandan, habelə Mərkəzi Asiyanın digər dövlətlərindən keçən marşrutlar Azərbaycanda birləşir. Azərbaycan limanları, dəmir yolları və avtomobil yolları vasitəsilə Mərkəzi Asiya ölkələri Türkiyə də daxil olmaqla Şərqi və Qərbi Avropa dövlətləri ilə əlaqə əldə edirlər.

Hesab edirəm ki, Mərkəzi Asiya dövlətləri olmadan Azərbaycanın nəqliyyat infrastrukturu tam funksional olmayacaq. Eyni zamanda, Mərkəzi Asiya ölkələrinin dəmir yolu, avtomobil yolu və logistika infrastrukturu, habelə dəniz limanları Azərbaycan infrastrukturu olmadan öz potensialını tam reallaşdıra bilməyəcək. Bu baxımdan, biz bir-birimizi qarşılıqlı şəkildə tamamlayırıq.

Buna görə də Azərbaycanın “Mərkəzi Asiya + Azərbaycan” formatında əməkdaşlığa dəvət olunmasından bütün tərəflər — Azərbaycan, Özbəkistan və regionun digər dövlətləri faydalanacaqlar.

Son xəbərlər

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

Vaşinqtonda “Tənhalığın Sədaları” adlı möhtəşəm rəsm sərgisi keçirilib – FOTOLAR

“Virtual məkanda nifrət nitqi və fəsadları” - İnfosessiya/Foto-Video

Bakıda “Uzaq Şərqin izləri” sərgisi çərçivəsində tədbir keçirilib

Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü -FOTO

Yaponiyada Azərbaycan haqda yeni kitab nəşr olunub: “Qəribə və gözəl ölkə”

Mirzə Ələkbər Sabirin satirik irsi və müasir dövrdə aktuallığı

Naxçıvanın inkişafında yeni səhifə açılır

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır

Təhsil haqqı artırsa, əlçatanlıq necə qorunmalıdır?

Mikayıl Cabbarov: "Süni intellekt sayəsində karbamid zavodunda istehsal artıb"

Al Maktoum Holding Group CEO Munir Ahmad and Tanzania’s Jackson Unpack East Africa’s Investment Future

YAP Səbail rayon təşkilatında “91-lər” və partiya veteranları ilə görüş keçirilib – FOTOLAR

Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

Şəkidə “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

Bütün xəbərlər