BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Ötən əsrin 80-ci illərinin sonlarından etibarən erməni separatçılığı ilə bilavasitə üzləşdiyimizə və az qala 30 il ərzində ərazilərimizin 20 faizi Ermənistanın işğalı altında qaldığına görə, dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, münaqişə və müharibələr bizim cəmiyyətidaha çox narahat edir. Elə bu səbəbdən, ölkəmizdə ictimai düşüncə ona köklənib ki, regional konfliktlərin yaranma səbəbləri hərtərəfli təhlil olunsun, onların həllinə  göstərilən fərqli yanaşmanın motivləri zamanında üzə çıxarılsın. Nəticədə görürük ki, bəzən böyük dövlətlər digər regional münaqişələrin həllində xüsusi canfəşanlıq göstərir, onların təsiri altında mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr isə çox qısa müddətdə icra olunur. Bu cür fərqli yanaşma cəmiyyətimizin diqqətini həm də ona görə çəkir ki, BMT Təhlükəsizlik Şurasının ölkəmizlə bağlı qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələri 27 il boyunca kağız üzərində qaldı.

 

Beynəlxalq səylər nəticəsində başqa çoğrafiyalarda separatçılığın qarşısı dərhal alındığı halda, Azərbaycana gəldikdə, bu, belə olmadı. Əksinə, gördük ki, bir çox hallarda işğalçı Ermənistanla işğala məruz qalan ölkəmiz arasında ədalətsiz şəkildə bərabərlik işarəsi qoyuldu, danışıqlar masasında Erminstanın imitasiya oyunlarına riyakarcasına göz yumuldu. Nə qədər acınacaqlı olsa da, Vətən müharibəsindəki tarixi Zəfərimizə qədər, 28 il ərzində onun da şahidi olduq ki, bəzi güclər Ermənistanın işğalçılıq siyasətinə və ermənilərin Qarabağdakı separatçılığına açıq və ya gizli şəkildə dəstək verdilər, onlara təmənnasız şəkildə hərbi və maliyyə yardımı göstərdilər. Bu iyrənc oyunları bəziləri  indi də davam etdirirlər. Bütün bunları görüb bildiyimizə görə əminliklə deyə bilərik ki, ilk baxışdan lokal təsiri bağışlayan münaqişələrin arxasında əksər hallarda kənar güclərin fərqli siyasi maraqları və ciddi geosiyasi proseslər dayanır.

 

Təəssüf ki, təhlükəsiz dünya nizamının qorunmasına görə daha çox məsuliyyət daşıyan aparıcı beynəlxalq subyektlərdən bəziləri fərqində olmadılar ki, rəvac verdikləri ayrı-seçkilik təkcə beynəlxalq hüquqa və ədalət prinsipinə kölgə salmır, bu, həm də qurduqları və uzun illər bəhrələndikləri dünya nizamının laxlamasına xidmət edir. Əgər bəşəri dəyərlər və fundamental beynəlxalq prinsiplərsiyasi maraqlara qurban verilməsəydi, ədalətin təmin olunmasına selektiv münasibət bəslənilməsəydi, bu gün bəşəriyyət üçüncü dünya müharibəsinin astanasında dayanmazdı. Əgər separatçı meyillərə vaxtında eyni qətiyyətlə yekdil münasibət göstərilərək yox deyilsəydi, əminliklə onu da deyə bilərik ki, Azərbaycandan sonra Ukraynadakı separatçılığa da münbit şərait yaranmaz, suveren ölkələrin ərazi bütövlüyünün pozulması adi hala çevrilməzdi. Ona görə də hər münaqişənin arxasında yalnız lokal səbəblərin axtarışına çıxanlar və məsuliyyəti münaqişə tərəflərindən yalnız birinin, bəzən isə ədalətsiz şəkildə hər ikisinin üzərinə yıxanlar, əslində, riyakarlıq edir, gözə kül üfürürlər. Sadəcə, böyük güclərdən bəziləri dünya nizamının pozulmasına gətirib çıxaran proseslərdə öz məsuliyyətlərini etiraf etmək istəmirlər. Nə qədər absurd görünsə də, zaman-zaman onun da şahidi oluruq ki, təcavüzə məruz qalmış bir ölkəninöz haqqını bərpa etmək üçün istifadə etdiyi vasitə və üsullar təqdir olunduğu halda, başqa bir ölkənin eyni üslubdan istifadəsinə fərqli yanaşma sərgilənir. Təəssüf ki, beynəlxalq informasiya məkanı da çox zaman bu reallığı görməzdən gəlir. Prezident İlham Əliyev aprelin 12-də birinci rübün yekunlarına həsr olunmuş müşavirədə bu cür selektiv yanaşmadan irəli gələn faktlardan birini belə ifadə etmişdi: "Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur..."

 

Ukraynanın məruz qaldığı dağıntıların və üzləşdiyi humanitar fəlakətin miqyasını bu gün dünyada hər kəs görür. Orada yaşanan insan faciələri deməyə tam əsas verir ki, bu illər ərzində ölkəmizin qlobal qarşıdurma məkanına çevirməsinə imkan verilməməsi Ermənistan üzərindəki Qələbəmiz qədər Azərbaycanın tarixi nailiyyəti hesab olunmalıdır. Prezident İlham Əliyev məhz bu gerçəkliyi nəzərə alaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ötən il mayın 20-də təşkil etdiyi yüksəksəviyyəli müzakirələrdə həmin tarixi məqama belə münasibət bildirmişdi: “Biz tam anladıq ki, maraqlar ola bilər və onlar bir-biri ilə toqquşa bilər. Lakin bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır”.

 

Dövlətimizin başçısının ötən həftə İtaliya Respublikasına işgüzar səfəri çərçivəsində Çernobbio şəhərində nüfuzlu “The European House- Ambrosetti” beyin mərkəzinin təşkil etdiyi 48-ci Beynəlxalq Çernobbio Forumunda, eləcə də İtaliyanın “İl  Sole 24 Ore” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlər, dünya birliyinə verdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycan Prezidenti ölkəmizin yalnız əməkdaşlıq məkanı yolu ilə irəliləməsi və inkişafı mövqeyinə sadiqdir. Prezident İlham Əliyev dünya onluğuna daxil olan bu beyin  mərkəzinin keçirdiyi mötəbər Forumda yerləşdiyimiz mürəkkəb coğrafiyada ölkəmizə yarana biləcək təhlükə və çətinliklərlə bağlı suala belə cavab verdi: “Bu, çətin görünə bilər. Lakin bu, bizim tariximizdir, bizim coğrafiyamızdır və biz bu coğrafiyada hər zaman yaşamışıq. Nə biz, nə də qonşularımız bu coğrafiyanı dəyişə bilməz”.

 

Dövlətimizin başçısı istər Forumdakı çıxışında, istərsə də müsahibəsində mümkün təhlükələri minimuma endirməküçün müəyyən etdiyi strateji təhlükəsizlik konsepsiyasına bu cür aydınlıq gətirdi: iqtisadi müstəqilliyin təmin olunması və bu faktorun təminat verdiyi sabit siyasi mövqenin qorunması. Prezident İlham Əliyev ölkəmizin müstəqillik seçiminə sadiqliyini və bu yoldan dönməyəcəyini də açıq şəkildə ifadə etdi: “Düşünürəm ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir”.

 

Dövlətimizin başçısı dünya gündəliyinin əsas mövzularından biri olan Rusiya-Ukrayna müharibəsinin dünya nizamına yaratdığı təhlükə ilə bağlı beynəlxalq gözləntilərə belə münasibət bildirdi: "Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq". Prezident  bu açıqlaması ilə dünya birliyinə o mesajı da verdi ki, mövcud geosiyasi durum mötəbər beynəlxalq təşkilatların vəzifə və məsuliyyət hədlərinin dəqiqləşdirilməsi məsələsinin aktual olaraq qaldığını bir daha təsdiq edir: “Beləliklə də bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir”.

 

Dövlətimizin başçısı dünyanın təhlükəsiz idarə olunmasında iştirak edən əsas beynəlxalq təsisatların ciddi islahatlara eytiyac duyduğunu vurğulamaqla həm də ona işarə etdi ki, bu mühüm məsələlər tənzimlənmədikcə, ədalətin təmin olunmasına vahid yanaşma formalaşmadıqca və selektiv yanaşma aradan qaldırılmadıqca, qlobal təhlükəsizliyi təmin etmək mümkün olmayacaq. Prezidentimiz “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibədə xüsusi olaraq diqqəti ona da çəkdi ki, regional və qlobal təhlükələrin qarşısında coğrafi baxımdan böyük olmayan Azərbaycanın duruş gətirəcəyinə şübhə edənlər yanılırlar. Çünki Azərbaycan ümummilli maraqlarımızın və təhlükəsizliyimizin etibarlı şəkildə qorunması naminə ötən illər ərzində bir sıra ölkələrlə strateji tərəfdaşlıq və müttəfiqlik haqqında dövlətlərarası sazişlər imzalayıb. Prezident İlham Əliyevin müsahibədə xüsusi olaraq vurğuladığı kimi, artıq dünya birliyi üçün də sirr deyil ki, ölkəmizin qardaş Türkiyə ilə imzaladığı Müttəfiqlik Sazişi bütün digər münasibətlərin fövqündə dayanır. Prezident bu tarixi gerçəkliyi dünya ictimaiyyətinin diqqətinə bu cümlələrlə çatdırdı: “Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı demək olar ki, vahid komanda kimi hərəkət edir. Bu da hamı tərəfindən nəzərə alınmalıdır”.

 

Heç şübhəsiz ki, Prezidentimizin bu mesajı istər Ermənistana, istərsə də onun himayədarlarına reallıqla hesablaşmaları və sərsəm xülyalardan, nəhayət, əl çəkmələri üçün verilən növbəti fürsət, həm də onlara edilən səmimi çağırışdır. Prezident İlham Əliyev beynəlxalq auditoriyanın diqqətinə onu da çatdırdı ki, torpaqlarımızı işğaldan azad etməyimizə baxmayaraq, başqa dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır: “Çünki ölkənin ərazi bütövlüyü zor tətbiq edilərək pozula bilməz, bu, beynəlxalq hüququn pozulmasıdır. Bu mövqe kiminsə xoşuna gələ bilər, kiminsə yox, ancaq onlar bunu nəzərə  almalıdırlar”.

 

Çernobbio Forumunun diqqət mərkəzində olan və İtaliyalı müxbirin də xüsusi diqqət göstərdiyi əsas mövzu Avropanın enerji təhlükəsizliyi və ölkəmizin bu sahədə artmaqda olan rolu ilə bağlı idi. Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə iyul ayında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə diqqət çəkərək bildirdi ki, ölkəmiz üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Dövlətimizin başçısı yüksək diplomatik üslubda ona da işarə etdi ki, bu cür sazişlər avropalı tərəfdaşlar üçün olduğu qədər, ölkəmizin də iqtisadi maraqlarına tam uyğundur və Azərbaycan belə müqavilələrə siyasi rəqabət, yaxud siyasi təzyiq vasitəsi kimi baxmır. Avropa üçün xüsusi önəm daşıya biləcək Transxəzər layihəsinin gerçəkləşməsi perspektivinə gəldikdə isə, Prezidentimizin bu məsələyə münasibəti, Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişindəki beynəlxalq yanaşmaya uyğunluğu, konkretliyi və praqmatikliyi ilə yadda qaldı: “Onu demək istəyirəm ki, bu layihənin təşəbbüskarı tranzit ölkələr deyil, resursların sahibləridir...Ancaq Transxəzər layihəsi isə Türkmənistanın resurslarına əsaslanır. Ona görə də əgər Türkmənistan hökuməti Transxəzər kəmərini tikmək qərarına gələrsə, bu, onların qərarı olacaq. Əgər onlar belə bir qərar verərlərsə, əlbəttə ki, biz onları dəstəkləyəcəyik”.

 

Görünən odur ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ötən il mayında “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda təşkil etdiyi beynəlxalq səviyyəli müzakirələrin nüfuzlu iştirakçılarından biri-cənab Deyvid Merkelin böyük siyasət adamı Zbiqnev Bzejinskidən gətirdiyi sitat artıq gerçəyə çevrilir: “Zbiqnev Bzejinski Azərbaycanı böyük şahmat lövhəsində mühüm strateji mərkəz adlandırmışdı və müstəqil Azərbaycanın Xəzər dənizinin enerji resurslarını Qərbə gətirəcəyini demişdi”.

 

Ölkəmizin tarixində yaşayacaq reallıq həm də budur ki, müstəqil Azərbaycan dövləti məhz bu gün  təkcə regionun deyil, bütövlükdə, qlobal beynəlxalq münasibətlərin əsas oyunçularından birinə çevrilir. Prezident İlham Əliyevin bərabərhüquqlu, ölkələrin ərazi bütövlüyünün toxunulmazlığına və suverenliynə hörmət, eləcə də dinc birgəyaşayış  və qarşılıqlı faydalılıq prinsiplərinə söykənən praqmatik siyasətə sadiqliyi öz bəhrəsini verməkdədir.

 

Ülvi Quliyev                                                                                      

Milli Məclisin deputatı

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər