
“Sabirin sözü, zamanın gözü” adlı kitab çap olunub
Azərbaycanın satirik şairi Mirzə Ələkbər Sabirin vəfatının 115-ci ildönümünə həsr olunmuş “Sabirin sözü, zamanın gözü” adlı kitab çap olunub. Kitab Mirzə Ələkbər Sabir Fondu tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Sabirin sözü, zamanın gözü” layihəsi çərçivəsində dərc olunub. Layihənin rəhbəri və kitabın məsul redaktoru Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirlidir. Kitabın redaktoru isə Faiq Səfərovdur.
Nəşrdə M.Ə.Sabirin satirik şeirləri əsasında çəkilmiş klassik karikaturalarla yanaşı, yeni dövrün baxış açısını əks etdirən müasir karikatura və illüstrasiyalar da yed alıb. “APOSTROF-A” nəşriyyatında çap olunan kitab təbaşirli kağızla, qalın üzlü və rənglidir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.











