
“Ekoloqlarla memarlıq cəmiyyəti arasında körpü qurulmalıdır”
Memar Cahid Həsənov: “Memarın ekoloji baxımdan görə bilmədiyini ekoloqlar deməlidir, ekoloqlar layihələrdə tətbiq edə bilmədikləri ilə bağlı memarları cəlb etməlidirlər, təkliflərini verməlidirlər. Ümid edirəm ki, Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumu işlərin bu istiqamətdə getməsinə böyük təkan verəcək”.
Bakıda öz işinə başlayan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirib. 17–22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçirilən WUF13 tədbirinin əsas yeniliklərindən biri isə WUF tarixində ilk dəfə Liderlər Sammitinin proqramda yer alması oldu. Bakıda təşkil olunan WUF13-də müzakirələr əsasən əlçatan mənzil, davamlı urbanizasiya, iqlim dayanıqlığı və “ağıllı şəhər” modellərinə həsr olunub.Həmçinin burada Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma və yaşıl enerji zonası layihələri beynəlxalq ictimaiyyətə təqdim edilir.
Müsahibimiz memar Cahid Həsənov Bakıda təşkil olunan WUF13-ün əhəmiyyəti, müasir şəhərsalma istiqamətində görüləcək işlərlə bağlı öz fikirlərini bildirib:
-Azərbaycanda keçiriləcək World Urban Forum-13 tədbirinin ölkəmizin şəhərsalma siyasəti və beynəlxalq urban inkişaf gündəliyinə inteqrasiyası baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?
-BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ölkəmizin şəhərsalma siyasətində, ümumiyyətlə şəhərlərin inkişaf etməsi, inteqrasiyasında böyük rol oynayır. Təbii ki bir çox dünya ölkələrinin dövlət və hökumət başçıları, nazirləri, vətəndaş cəmiyyəti təmsilçiləri, eləcə də bu sektorda fəaliyyət göstərən qurumların nümayəndələrinin Azərbaycana gəlməsi, dövlət səviyyəsində bu tədbirə zəminin yaranması qısa bir dövr ərzində növbəti işlərin görüləcəyinə start verilməsi deməkdir.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əsas müzakirə mövzularından olan Qarabağda şəhərsalma təcrübəsi özü böyük bir işdir. Belə bir məkanda son illər görülən işlər, atılan addımlar göstərir ki, Azərbaycan artıq yeni dövr üçün dünya memarlıq və şəhərsalmaya hazırdır. Məhz Qarabağda bu kimi işlər bütün dünya ictimaiyyətinin diqqətini özünə cəlb edib. Qarabağda görüləcək memarlıq və şəhərsalma işləri bütün dünya üçün bir örnək olacaq. Hazırda Azərbaycanda WUF 13 tədbirinin başlaması ilə sanki dünya ictimaiyyətinin nümayəndələri, əlaqədar qurumlar orada həyata keçirilən işləri canlı izləyirlər. Onların da maraqlarındadır ki, bu təcrübəni başqa ölkələrdə tətbiq etsinlər. Bu kontekstdə Qarabağda memarlıq və şəhərsalmada yeni dövr, yəniyaşıllıq zolaqları, parklar, çaylar, insanların təbiət qoynunda məskunlaşması formatı yaranır. Bu formatı yerinə yetirəcək məkan məhz elə Qarabağdır. Burada yenidənqurma sıfırdan başlandığına görə, sürətlə iş gedir və gedəcək, öz formatını dünya ictimaiyyətinə göstərəcək. Bu model sonrakı dövrlərdə xarici dövlətlər tərəfindən tətbiq olunacaq.
-Müasir şəhərsalma konsepsiyalarında ekoloji dayanıqlılıq və tullantıların effektiv idarə olunması hansı rolu oynayır?
- Ekoloji dayanıqlıq bu gün dünyada böyük əhəmiyyət kəsb edir. Hətta dünya memarlıq və şəhərsalmasında ekoloji dayanıqlıq bir problemə çevrilir. Memarlıq və şəhərsalmada, yəni bu kimi işlərin müzakirəsində, baş planın hazırlanmasında yalnız memarlar deyil, bütün mütəxəssislərin, o cümlədən ekoloqların iştirakı lazımdır. Tullantıların idarə olunmasında da eyni amili görmək olar. Yəni proses yalnız memarın olması çərçivəsindən çıxır. Bütün sahə mütəxəssislərinin birgə fəaliyyət epoxası başlayır.
-Sizin fikrinizcə, “ağıllı şəhər” modelinin formalaşdırılmasında tullantıların çeşidlənməsi, təkrar emalı və resursların səmərəli istifadəsi nə dərəcədə vacibdir?
-"Ağıllı şəhər" modelinin formalaşmasına gəldikdə, təkrar emal, resursların səmərəli istifadəsi çox vacibdir. Söhbət tullantıların yığılmasından getmir. Həmin tullantıların hara atılmasından, lazım olan məntəqəyə çatdırılmasından gedir. Məsələn, elə ərazilər var ki, əvvəllər şəhərdə 10 yerdə zibil qutuları vardısa, indi onun sayı çoxaldılmalıdır. Birinci, bu yığım məkanlarının sayı çox olmalıdır ki, oradan daşıyanlar onu hansısa bir emal məntəqəsinə çatdıra bilsin. Söhbət dəniz kənarındakılardan gedir. Eləcə də dənizə, çaylara, meşələrə, dağlara atılan tullantılardan gedir. Orada münbit şərait yaratmaq lazımdır.
-Yaponiya şəhərsalma və tullantıların idarə olunması sahəsində hansı uğurlu təcrübələri ilə fərqlənir və bu təcrübələrdən Azərbaycanda necə faydalanmaq olar?
-Yaponiyada şəhərsalma və tullantıların idarə olunması sahəsində uğurlu təcrübələr məhz elə bundan başlayır. Məsələn, bizdə insanlar dağlara, meşəyə istirahətəgetdikdə, düşünürlər ki, burada ətrafda görən yoxdur, zibili kolların dibinə atmaq olar. Bu yanaşma tərzi doğru deyil. Artıq elə dövr gəlib ki, insanlar zibili gətirib hansısa zibil qutusuna atmalıdırlar. Bu da tullantıların idarə olunmasında effektiv nəticələrə gətirib çıxara bilər.
-Şəhərlərdə əhalinin ekoloji davranışının formalaşdırılması və tullantı mədəniyyətinin inkişaf etdirilməsi üçün hansı maarifləndirmə mexanizmləri daha effektiv hesab olunur?
-Maariflənməyə gəldikdə, ümumiyyətlə, bu sahədə sosial reklamlara çox böyük ehtiyac var. Məsələn, sovet dövründə zəhmətkeşliklə, vətənpərvərliklə bağlı həddindən çox sosial reklamlar, hətta abidə kompleksləri vardı. Söhbət yalnız Bakıdan getmir. Ölkənin bütün şəhərlərində, kəndlərdə, qəsəbələrdə, kolxoz və sovxozların, tarlaların girişlərində maarifləndirmə işləri gedirdi. Hazırda ən zəif cəhətlərdən biri budur. Müxtəlif kommersiya reklamları, alqı-satqı reklamlarına insanlar rast gəlsələr də, ekologiya, tullantıların idarə olunması, şəhərin gözəlliyini qorumaq baxımından heç bir reklama rast gəlinmir. Bunun üçün əlaqədar qurumlar müsahibələr təşkil etməli, şəhərin müxtəlif ərazilərində reklam lövhələri üçün yerlər ayırmalıdır. Bununla məşğul olan özəl memarlıq, dizayner studiyalar, reklam şirkətləri öz təkliflərini təqdim etməlidir. Həmin reklam lövhələrində də idmançılar, aktyorlar, bəstəkarlar, ekoloqlardan tanınmış sima kimi istifadə olunmalıdır. Hətta dilçi alimlər, mütəxəssislər buna cəlb edilməlidir. Bu, eyni zamanda yeni iş yerlərinin yaranması üçün mühüm amildir. Cəmiyyətin də yanaşma tərzi dəyişilməlidir. Reklam siyasətinin genişləndirilməsi dövrü başlamalıdır.
-Gələcəkdə Azərbaycanın şəhərsalma siyasətində ekoloji yanaşmaların və dayanıqlı tullantı idarəetmə sistemlərinin inkişafı üçün hansı prioritet istiqamətləri vacib hesab edirsiniz?
-Ekoloqların bundan sonrakı dövrdə memarlıq və şəhərsalma işində, baş planın hazırlanmasında, gözəl layihələrin işlənməsində memarlarla birgə fəaliyyətmexanizmi genişlənməlidir. Ekologiya ilə bağlı qurumlar tərəfindən, ekologiya ilə bağlı tədris ocaqlarında tədbirlər genişlənməlidir və memarları da dəvət etməlidirlər. Burada əsas problemlərdən biri adıçəkilən sahədə qurumlar arasında əlaqənin olmamasıdır. Ekoloqlarla memarlıq cəmiyyəti arasında körpü qurulmalıdır. Bakıda təşkil olunan WUF 13 tədbiri də onu göstərir ki, bundan sonrakı dövrdə bu müstəvidə iş birliyini genişləndirməli, inkişaf etdirməliyik. Memarın ekoloji baxımdan görə bilmədiyini ekoloqlar deməlidir, ekoloqlar layihələrdə tətbiq edə bilmədikləri ilə bağlı memarları cəlb etməlidirlər, təkliflərini verməlidirlər. Bu kontekstdə işlərin genişlənməsinə böyük ehtiyac var. Ümid edirəm ki, Bakıda təşkil olunan bu tədbir bundan sonra işlərin bu istiqamətdə getməsinə böyük təkan verəcək. Əvvəlki dövr memarlıq və şəhərsalma yanaşma tərzi artıq başqa bir mexanizm tələb edir.
Fuad Hüseynzadə
Bu müsahibə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Tullantıların idarə edilməsində Yaponiya təcrübəsinin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Müsahibədə qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


