Azərbaycanda 1400 bələdiyyə birləşəcək, ölkədə 684 bələdiyyə olacaq
Azərbaycanda 1400 bələdiyyə birləşəcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Regional məsələlər komitəsinin “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihələrində əksini tapıb.
Birləşmə nəticəsində ölkədə bələdiyyələrin sayı 1606-da 684-ə düşəcək.
Qeyd edək ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 5 aprel 2024-cü il tarixli qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir. Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir. Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edir. Müəyyən olunmuş qaydada yaranan bələdiyyənin adı birləşən bələdiyyələrin arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən edilir.