BAKU Azərbaycan
31.4 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bəy qızı olan nənəm kürsü üzərində tikilən ikimərtəbəli rayon evindən yataqxananın birotaqlı zirzəmisinə yıxılanda bir də onda özünə gəldi ki, əmim döyüşlərdə başından ağır yaralanıb, Arazdan İrana qaçıb qurtulmaq istəyərkən ərinin motaskletində qəzaya düşən böyük bibim 19 il əlil arabasında yaşayandan sonra ölüb, babam nisgilin qoynunda əbədi torpağın altına girib.

Nənəm onda ayıldı ki, ölüm onu aparmağa gəlmişdi. Hökumətin ayırdığı Masazırdakı binanın 3 otaqlı evində nəinki tək-tənha yaşayırdı, həm də qonaq qarşılayıb, qonaq yola salacaq əzimdə, gücdə, başarışıqda idi.

Bolşeviklərin qolçomaq damğasına tuş gələn ailənin ən kiçik qızı olasan, ata SSRİ müharibəsində itkin düşə, gələcək ər Leninqradın mühasirəsi zamanı don vurmuş əl və ayaq barmaqlarının hər birini itirə, doğulduğun, böyüdüyün yurdundan 20 nəfərlik ailə üzvlərinlə birgə qaçqın düşəsən, 3 uşağı olan şikəst qızına19 il zirzəmi şəraitində əl olasan, ayaq olasan, baş olasan və 83 yaşına gəlib çatasan, dözəsən, ürəyin partlamaya, ölməyəsən. Yaşayasan, yaşayasan, son gününə qədər çökməyəsən. Hələ üstəlik, nəvəni hər görəndə soruşasan: “Sənin adına saxladığım ala dananın səsini eşidirsən”. Əlbəttə “yox” cavabına məhəl qoymadan, “mən çox aydın eşidirəm, çıxanda qaça-qaça düşdük, suyunu verə bilmədim, yazıq mouladaya-mouldaya qalıb”.

Qorxmuşdum, elə bilmişdim arvad havalanıb. “Ala dana” söhbətini nə vaxt eşidirdim, Salamın “başıma gələn havadır, sümüyümə düşən hava” misrasını xatırlayırdım. Oğrun-oğrun güdürdüm ki, nənəm də əl qaldırıb otaqdan otağa süzəcək. Dərd adamı qanadlandırır axı.

Olmadı, anormal hadisələrin heç biri baş vermədi, təkcə bu arvadın hələ də yaşamasından başqa. Normal deyildi.

Nədir bu bədbəxtlər bədbəxti qadını həyatda saxlayan? Elə bilirsiz soruşmadım, lap həyasızcasına soruşdum. Sualımdan özüm də diksindim. Onun sözlərimi sakit qarşılamasına tab gətirə bilməyib, şah damarları Zəngilan yollarına, kapilyarları o yolların kənarlarındakı çinarlara bənzəyən əllərini qucaqlayıb kişi kimi ağladım. Nəvəsi kişi yaşına çatan nənə, hətta dərdin bir ucunu ürəyinə, bir ucunu beyninə çalayaraq 5 yaşınadan – 78 ildir hisslərin cərəyanını bütün nöqtələrinə keçirə-keçirə yaşayan nənə hələ sağdırsa, burada dünyanın səkkizinci möcüzəsinin tuşlandığı sirr var.

Ölə bilmirsən? – qəfil verdim bu sualı

Hardan bildin? – tövrünü pozmadan soruşdu

Ala dananın səni axtara-axtara qalmasından – kinayə ilə demədim.

Axırı ki, sən də səsini eşitdin… – sevinclə dilləndi

Ona yalan danışdım. Eşitdiyimi dedim. Niyə ölə bilmədiyinin səbəbi məlum olurdu: 91-ci ilin yay tətilinin sonunda Bakıya geri dönəndə ciddi-ciddi “ver danamı da özümlə aparım” demişdim. Nənəm heyvanın heç olmasa iki il böyüməsinin vacib olduğunu bildirmişdi.

Masazırdakı Zəngilan söhbətimizin nidasını özü qoydu:

-… Ölmək olmaz. Gedəcəm, qayıdacağıq. Yox, havalanmamışam. Bütün dərdlərimin mələrtisini ala dananın moultusu batırıb həmişə. O səs məni ölməyə qoymur. Nənələr nəvələrinə borclu qalanda ölüm utandığından ölüb yerə girir, bala.

Nənəm gecələr yatmağa qorxardı ki, birdən durmaz, Zəngilan yox, Mehdiabad qəbiristanlığında dəfn olunar. Yenə Salam: “Tutdum yıxılmağa qorxduğum yerdən”. Yer aralandı, mələk arvadı götürüb apardı. Mələyə bax, Zəngilanın qayıdacağına inanmadı. Mələyə bax, nənəmə uduzdu. Nənəm geri dönəcəyinə əmin idi. Bir xəbəri buraxmazdı. Deyirdi: “Bala, əgər bir məmləkətin padşahnın sözünün əvvəli də Qarabağ, ortası, sonu da Qarabağdırsa kainat bu mesajı özümüzə qaytaracaq. Bircə ölüm ermənilik etməyə…

Etdi. Ölüm oluma uduzdu. Mələklərin əli üzündə qaldı. 20 oktyabr 2020-ci il. Mehdiabad qəbiristanlığındakı Səttarova Simuzərlə, Səttarov Əlinin bir baş daşına bağlı qoşa qəbrindən ətrafa nur səpilir. Nənəm başında örpək, əynində həyət yaxalığı, ayağında qaloş, əlində tut ağacının şivi qarşısına ala dananı salıb tələsə-tələsə doqqaza yaxınlaşır. Məni görüb verəcəyim sualı gözlərimdən oxuyur:

- Hə, tələsirəm ay bala, Prezident rayona gəlib, raykomun qarşısında camaatla görüşür. Gedib boynunu qucaqlayıb əllərindən öpəcəm. Deyəcəm ki, böyük insan, sən mələkdən güclü çıxdın. Məni nəvəmin xəcalətindən qurtardın. Bu gündə ora gedə bilmərəm. Təşər paltarım var, özüm tikmişdim, rəngi al olduğuna görə “qaçqına qırmızı yaraşmaz” deyib heç geyinmədim.

Təzə ayaqqabın var? – qaloşa işarə ilə dedim.

Var, var. Qaçqınlıqda əminin toyu oldu, bircə dəfə ora geyindim, heç ürəyimcə olmadı, ayağımı bərbad günə qoydu, neçə gün axsadım – cavabını verdi.

Nə axsamaq, bəstəboy arvad uça-uça raykoma doğru sürət götürmüşdü. Qırmızı paltarda, qara ayaqqabıda, ağ örpəkdə bəstəboy qadın. Prezident bu cazibəyə özü yaxınlaşdı. Nənəmin onun əlindən öpməsinə imkan verməyib, özü arvadın başından öpdü.

Bu da Azərbaycan Prezidentinin növbəti möcüzə davranışı. Nənəmin təşəkküründən öncə özü arvada minnətdarlıq edərək dedi:

O dünyada belə, Zəngilann işğaldan azad ediləcəyinə inandığınıza, o günü gözlədiyinizə görə Azərbaycan analarının simasında Sizin sevginizə əhsən!

Simuzər arvad çöhrəsində təbəssüm, gözlərindən gildir-gildir yaş axıdırdı.

Ceyhun Musaoğlu

 

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər